Hacıqabul Sənaye Məhəlləsinin rezidenti Rusiya şirkəti ilə əməkdaşlıq edəcək
20 may,2023 14:13

Hacıqabul Sənaye Məhəlləsinin rezidenti “Azərmaş” MMC ilə Rusiyanın “Sollers” şirkəti avtomobil istehsalı sahəsində əməkdaşlıq edəcək.

 

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində keçirilən “Rusiya – İslam dünyası: Kazan Forumu 2023” Beynəlxalq İqtisadi Forum çərçivəsində Rusiyanın “Sollers” şirkəti ilə və Hacıqabul Sənaye Məhəlləsinin rezidenti “Azərmaş” MMC arasında ölkəmizdə “Sollers” yüngül kommersiya avtomobillərinin istehsalı üzrə əməkdaşlıq memorandumu imzalanıb.

 

Sənəd Rusiyadan gətirilən komponentlərdən (ehtiyat hissələrindən) istifadə etməklə “Azərmaş”ın müəssisələrində “Sollers” yüngül kommersiya avtomobillərinin istehsalının təşkilini nəzərdə tutur. 

 

Memorandumu "Sollers" şirkətinin baş direktoru Nikolay Sobolev və “Azərmaş” MMC-nin sədri Emin Axundov imzalayıblar.

 

Qeyd. "Sollers" şirkəti UAZ (Ulyanovsk Avtomobil Zavodu) yolsuzluq və yüngül kommersiya avtomobillərini və ZMZ (Zavoljski Motor Zavodu) benzin mühərriklərini istehsal edən Rusiyanın avtomobil şirkətidir.