Özbəkistanın əczaçılıq sahəsində fəaliyyət göstərən 10-a yaxın şirkətinin nümayəndələri ilə Pirallahı Sənaye Parkına investisiya yatırılmasının prespektivləri müzakirə edilib.
Özbəkistan Respublikasının Əczaçılıq Sənayesinin İnkişafı Agentliyi sədrinin müşaviri Xilola Qaniyeva və Özbəkistanın bir qrup əczaçılıq şirkətinin rəhbər şəxslərindən ibarət nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Pirallahı Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti “Diamed Co” MMC-nin Birdəfəlik şpris istehsalı zavodunun fəaliyyəti ilə tanış olublar.
Səfər çərçivəsində Bakı Biznes Mərkəzində Özbəkistan nümayəndə heyəti ilə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbərliyi arasında görüş keçirilib.
Qonaqları salamlayan İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlıq fəaliyyətinin inkişafı üçün yaradılmış əlverişli investisiya mühiti, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verib.
Görüş çərçivəsində Özbəkistan şirkətlərinin nümayəndələri təmsil etdikləri müəssisələrin fəaliyyətləri barədə təqdimatlarla çıxış ediblər.
Sonda sənaye zonalarında əczaçılıq sahəsində birgə layihələrin həyata keçirilməsi, farmasevtika istiqamətində əməkdaşlıq əlaqələrinin inkişafı üçün tədqiqat və inkişaf mərkəzinin formalaşdırılması imkanlarına dair məsələlər müzakirə edilib.