Sumqayıt Kimya Sənaye Parkının daha iki rezidenti məhsul ixracına başlayıb
26 yanvar,2023 17:18

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidentləri “Azərsulfat” MMC və “Glassica” QSC tərəfindən istehsal olunan məhsulların ixracına başlanılıb. Bununla əlaqədar bu müəssisələrə mediatur təşkil edilib.

 

Media nümayəndələri əvvəlcə “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olublar. Bildirilib ki, Sənaye Parkının 1,5 hektar ərazisində inşa edilmiş müəssisədə kontakt üsulu ilə 93% və 98%-li sulfat turşusu istehsal edilir. Müəssisənin illik istehsal gücü 20 min tondur ki, bunun 10 min tonunun daxili bazarda satışı, 10 min tonunun isə ixrac edilməsi planlaşdırılır. Hazırda Gürcüstana sulfat turşusu məhsulunun ixrac edilməsinə dair müqavilə imzalanıb və yaxın günlərdə bu ölkəyə məhsulun göndərilməsi planlaşdırılır. İnvestisiya həcmi 10 milyon manatdan çox olan müəssisədə 42 nəfər daimi işlə təmin edilib. Müəssisə fəaliyyətə başlayandan indiyədək daxili bazarda 1600 tondan çox məhsul satıb.

 

Sonra “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı müəssisəsində olan KİV nümayəndələrinə məlumat verilib ki, ümumi investisiya dəyəri 20 milyon manatdan çox olan müəssisənin illik istehsal gücü 90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsulları (butulka) təşkil edir. Müəssisə fəaliyyətə başlayandan 2 xarici və 5 yerli şirkətlə məhsul satışına dair müqavilə imzalanıb. “Glassica” QSC tərəfindən ilk dəfə olaraq xarici ölkələrə - Rumıniya və Moldovaya 250 min ədəddən çox butulka ixrac edilib.

 

“Glassica” QSC hazırda Azərbaycanda butulkaya olan tələbatın 30-40%-ni ödəyir. Şirkət tərəfindən Sumqayıt Kimya Sənaye Parkının ərazisində daha bir müəssisənin inşası planlaşdırılır. Bu müəssisənin istifadəyə verilməsi ilə ölkəmizdə butulkaya olan tələbat tam ödəniləcək. Hazırda müəssisədə 140 nəfər şəxs daimi işlə təmin edilib. Müəssisə fəaliyyətə başlayandan bugünədək 3 milyon ədəddən çox butulka istehsal edilib.