Dəniz suyunun duzsuzlaşdırılması layihəsi ilə bağlı torpaq sahəsinin icarəsinə dair müqavilənin imzalanması mərasimi keçirilib
23 sentyabr,2025 14:47

Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində ölkəmizdə həyata keçiriləcək dəniz suyunun duzsuzlaşdırılması layihəsi ilə bağlı torpaq sahəsinin icarəsinə dair müqavilənin imzalanması mərasimi keçirilib.

 

Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin baş icraçı direktoru Marco Arçelli imzalayıblar.

 

Qeyd edək ki, dəniz suyunun duzsuzlaşdırılması layihəsi İqtisadiyyat Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində ölkəmizdə icrası nəzərdə tutulan ilk pilot layihədir. Layihə çərçivəsində Sumqayıt Sənaye Parkında tikiləcək zavodda dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı həyata keçiriləcək. Gündəlk 300 min kubmetr məhsuldarlığa malik layihənin dəyəri 407 mln. ABŞ dolları təşkil edir. Müqaviləyə əsasən zavodun layihələndirilməsi, tikintisi və 25 il müddətində istismarı “ACWA Power” tərəfindən həyata keçiriləcək.

 

Layihə Abşeron yarımadasının içməli suya artan tələbatını təmin etmək, şirin su mənbələrini şaxələndirmək məqsədilə həyata keçirilir. Hədəf dövlətin içməli su təchizatında yükünü azaltmaq, bu sahədə beynəlxalq təcrübəni və texnologiya transferini stimullaşdırmaq, iqtisadiyyata xarici sərmayələri cəlb etmək məqsədlərimiz sırasındadır.