Sumqayıt Kimya, Qaradağ, Mingəçevir və Pirallahı sənaye parklarının rezidentləri qeydiyyata alındığı tarixdən 10 il müddətinə aşağıdakı vergilərdən azad olunurlar:
- Əmlak vergisi
- Torpaq vergisi
- Mənfəət vergisi
- İdxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən
Bundan əlavə, sənaye parklarının rezidentləri idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar.
Mənfəət vergisi
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (maddə 106.1.13.) əsasən sənaye parklarının rezidentləri qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə sənaye parkındakı fəaliyyətdən əldə etdikləri mənfəətə görə vergidən azaddırlar.
Əmlak vergisi
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (maddə 199.7.) əsasən sənaye parklarının rezidentləri qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə sənaye parkındakı əmlaklarına görə əmlak vergisini ödəməkdən azaddırlar.
Torpaq vergisi
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (maddə 207.3.) əsasən sənaye parklarının rezidentləri qeydiyyata alındıqları hesabat ilindən başlayaraq sənaye parkında istifadə etdikləri torpaqlara görə 10 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar.
İdxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV və gömrük rüsumu
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (maddə 164.1.16.) uyğun olaraq, sənaye parkında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə sənaye parklarının rezidentləri tərəfindən müvafiq təsdiqedici sənəd əsasında idxal olunan texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı rezidentin sənaye parkında qeydiyyata alındığı tarixdən 10 il müddətinə ƏDV-dən azad edilir.
Gömrük tarifi haqqında Azərbaycan Respublikasının Qanununa (maddə 20.0.19.) uyğun olaraq, sənaye parkında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə sənaye parklarının rezidentləri tərəfindən müvafiq təsdiqedici sənəd əsasında idxal olunan texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı rezidentin sənaye parkında qeydiyyata alındığı tarixdən 10 il müddətinə gömrük rüsumlarından azad edilir.