Ümumi məlumat

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində hazırda 9 sənaye parkı, 3 sənaye məhəlləsi, Yevlax Pilot Aqroparkı və Peşə Təhsil Mərkəzi fəaliyyət göstərir.

 

Agentliyin əsas missiyası sənaye zonalarında yüksək rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün əlverişli və dayanıqlı mühit formalaşdırmaqdır. Bu məqsədlə rezidentlər dövlət tərəfindən zəruri mühəndis-kommunikasiya infrastrukturu ilə (elektrik enerjisi, qaz, su, yol, rabitə və digər xidmətlər) tam təmin olunmuş ərazilərdə fəaliyyət göstərmək imkanı əldə edirlər.

 

Sənaye parklarının rezidentlərinə geniş vergi və gömrük güzəştləri tətbiq olunur. Belə ki, onlar qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən azad edilirlər. Eyni zamanda, istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğular 10 il müddətinə əlavə dəyər vergisindən və gömrük rüsumlarından azaddır.

 

İqtisadi Zonaların İnkişafı Agentliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 yanvar 2021-ci il tarixli 1257 nömrəli “Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən “Sumqayıt Sənaye Parkı” MMC-nin əsasında publik hüquqi şəxs kimi yaradılmışdır.

 

Agentliyin Nizamnaməsi isə Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2021-ci il tarixli 1506 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.

Bülbül prospekti, 20, Bakı, Azerbaijan
İqtisadi Zonaların İnkişafı Agentliyinin rəsmi saytı