İZİA-nın Peşə Təhsil Mərkəzi ötən ili uğurla başa vurub
13 fevral,2025 12:14

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzi 2024-cü ildə ümumilikdə 26 şirkət, təşkilat və müəssisələrlə əməkdaşlıq əlaqələri qurub.

 

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzində hazırda 16 ixtisas üzrə 384 tələbə təhsil alır.

 

Peşə Təhsil Mərkəzi bir çox sənaye müəssisələri ilə əməkdaşlıq edir. Belə ki, 2024-cü ildə 8 müəssisə və təşkilatla Anlaşma Memorandumu, 18 şirkətlə isə əməkdaşlıq müqaviləsi imzalanıb. 

 

Ötən ildə ölkəmizdə ilk dəfə olaraq Peşə Təhsil Mərkəzinin və “Holcim Azərbaycan” ASC-nin birgə təşkilatçılığı ilə respublikanın 14 rayonunda "Usta Mənəm!" müsabiqəsi təşkil edilib, müsabiqədə 960 nəfər iştirak edib. Qalibə avtomobil hədiyyə edilib.

 

Həmçinin 2024-cü ildə Azərbaycanda ilk dəfə olaraq İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində ikili diplom proqramının tətbiqinə başlanılıb. Belə ki, İsveçrənin universiteti "SMBS – Swiss Montreux Business School" ilə Anlaşma Memorandumu imzalanıb. 

 

2024-cü ildən etibarən Peşə Təhsil Mərkəzi ilə Böyük Britaniyanın tədqiqat və texnologiya sahələrində uzunmüddətli təcrübəyə malik olan “TWI Ltd” şirkəti ilə əməkdaşlığa start verilib, iki tərəfli Anlaşma Memorandumu imzalanıb. Memorandumun əsas məqsədi sözügedən şirkətin qaynaq təcrübəsindən Mərkəzdə istifadə etməkdir.

 

Mərkəzin savadlı və təcrübi dərslərdə fəal olan tələbələrinin əməkdaşlıq edilən sənaye müəssisələrində işlə təmin olunması üçün müvafiq tədbirlər görülür. 2023-2024-cü ildən məzun olmuş tələbələrin 65,4%-nin məşğulluğu təmin edilib. 

 

Cari il ərzində Peşə Təhsil Mərkəzində tədrisin praktik təşkili üçün yeni emalatxanaların istifadəyə verilməsi planlaşdırılır.