Mingəçevir Sənaye Parkında istehsal edilən məhsulun 83 faizdən çox hissəsi ixrac edilib
29 avqust,2025 17:41

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Mingəçevir Sənaye Parkında indiyədək 351,4 milyon manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da təqribən 83 faizdən çoxu, yəni 293,3 milyon manatlıq hissəsi ixrac edilib.


Bu ilin birinci yarısında Sənaye Parkında 24,9 milyon manatlıq məhsul istehsal olunub ki, bunun da 16,7 milyon manatlıq hissəsi ixracın payına düşür. İstehsal ötən ilin analoji dövrü ilə müqayisədə təqribən 7% artıb.


Hazırda Sənaye Parkında investisiya portfeli 530,3 milyon manat olan 2 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, 1 müəssisə fəaliyyət göstərir.


Sənaye Parkında görülən işlərə ümumilikdə 159 milyon manat investisiya yatırılıb, 550 nəfər daimi işlə təmin edilib.


Qeyd edək ki, Mingəçevir Sənaye Parkının əsas fəaliyyət istiqaməti tekstil və yüngül sənayenin inkişaf etdirilməsidir. Park dövlət başçısının 2015-ci il 26 fevral tarixli Fərmanı ilə yaradılıb.