- Ana Səhifə
- Media
- Xəbərlər
- Ötən il İZİA-nın idarəçiliyində olan sənaye zonalarında 31 sahibkarlıq subyektinə rezidentlik statusu verilib
2024-cü ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 31 sahibkarlıq subyektinə rezidentlik, 1 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bunlardan 14-ü Ağdam Sənaye Parkının, 8-i “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, 3-ü Sumqayıt Kimya Sənaye Parkının, 1-i Pirallahı Sənaye Parkının, 1-i Hacıqabul Sənaye Parkının, 2-si Masallı Sənaye Məhəlləsinin, 2-si Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb. Həmçinin “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 1 sahibkarlıq subyekti qeyri-rezident kimi qeydiyyatdan keçib.
Yeni qeydiyyata alınan müəssisələr tərəfindən sənaye zonalarına 224,6 milyon manat investisiyanın yatırılması və 2600-dən çox daimi iş yerinin yaradılması planlaşdırılır.
Onlar fibrobeton və polistirolbeton blokların, quru inşaat qarışıqların, dekorativ daşların, yüksək gərginlikli elektrik enerjisinin ötürülməsi üçün müxtəlif metal elektrik dirəklərin, ortopedik matras və yumşaq mebellərin, mühərrik və sənaye yağlarının təkrar emalı ilə baza yağların, dəri və dəri məmulatların, led işıqların, su təmizləmə cihazları və onların ehtiyat hissələrinin, qan depolama və test qablarının və s. məhsulların istehsalını həyata keçirəcəklər.