Pirallahı Sənaye Parkında yeni istehsal müəssisəsinə media tur təşkil edilib
6 oktyabr,2026 17:36

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Pirallahı Sənaye Parkında fəaliyyət göstərən müəssisə ölkədə əczaçılıq sənayesinin inkişafına və dərman vasitələrinin yerli istehsalının genişləndirilməsinə töhfə verir. 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Pirallahı Sənaye Parkında açılışında iştirak etdiyi “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman istehsalı müəssisəsinə media tur təşkil edilib. KİV nümayəndələrinə müəssisənin fəaliyyəti, burada tətbiq olunan texnologiyalar və istehsal imkanları barədə məlumat verilib.

 

Müəssisə 2023-cü ildə Pirallahı Sənaye Parkının rezidenti kimi qeydiyyatdan keçib. Ümumi dəyəri 113,9 milyon manat olan layihənin maliyyələşdirilməsində özəl investisiya ilə yanaşı, Azərbaycan Biznesinin İnkişafı Fondunun 13,2 milyon manat investisiyasından, 10 milyon manat isə güzəştli kredit vəsaitindən istifadə edilib. Sənaye Parkının rezidenti kimi müəssisə 7 milyon manatdan çox ƏDV və gömrük rüsumlarından azad olunub.

 

Ərazisi 5,2 hektar olan müəssisənin illik istehsal gücü 60 milyon qutu dərman, o cümlədən 2,5 milyard tablet və kapsul təşkil edir. Burada kardiologiya, nevrologiya, urologiya, diabetologiya, qastroenterologiya, ağrıkəsici, antibiotiklər və digər dərmanlar istehsal olunacaq.

 

Zavodda ABŞ, Yaponiya, Almaniya, İsveçrə, Çin, Danimarka, İsveç və Türkiyənin aparıcı şirkətlərinin istehsalı olan avadanlıq quraşdırılıb ki, bu da yüksək beynəlxalq standartlara uyğun dərman vasitələrinin istehsalına imkan verir. Məhsulların daxili bazara satılması ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Gürcüstan və digər xarici ölkələrə ixracı da nəzərdə tutulur.

 

Burada 178 nəfər daimi işlə təmin ediləcək.

 

Müəssisə fəaliyyətində təhsil və elmi əməkdaşlığa da yer ayırıb. Belə ki, burada Qarabağ Universiteti və Azərbaycan Tibb Universiteti üçün rəsmi tədris bazası yaradılıb.

 

Pirallahı Sənaye Parkı ölkəmizdə əczaçılıq sənayesinin inkişafına dəstək vermək, dərman istehsalında idxaldan asılılığı azaltmaq və yerli istehsalı genişləndirmək məqsədilə yaradılıb. 

 

Sənaye parklarında sahibkarlar üçün geniş güzəştlər və təşviq mexanizmləri tətbiq olunur. Rezidentlər dövlət vəsaiti hesabına yaradılmış hazır infrastrukturla təmin edilir, qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq və mənfəət vergilərindən azad olunurlar. Həmçinin, istehsal məqsədilə xaricdən gətirilən texnika və avadanlıqlar ƏDV-dən və gömrük rüsumlarından azad edilir.