Ağdam Sənaye Parkının rezidentləri yaxın günlərdə tikinti işlərinə başlayacaq
6 iyul,2022 13:57

Ağdam Sənaye Parkında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev Sənaye Parkının rezidentləri ilə görüşüb.

 

Görüşdə rezidentlərin Parkın ərazisində yerləşməsi, infrastruktur təminatı, tikinti işlərinə başlanması və digər məsələlər müzakirə edilib.

 

Qeyd edək ki, artıq Sənaye Parkının rezidentləri tərəfindən onlara ayrılmış ərazilərdə torpaq (hamarlama) işlərinə başlanılıb, avqust ayından etibarən tikinti işlərinə başlanması planlaşdırılır.

 

Məlumat üçün bildiririk ki, 190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkının hazırda 9 rezidenti var və bu rezidentlər tərəfindən Sənaye Parkına 50 milyon manatdan çox investisiyanın yatırılması və 1000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

 

Bununla yanaşı, İqtisadi Zonaların İnkişafı Agentliyində Ağdam Sənaye Parkının rezidenti olmaq üçün sahibkarlar tərəfindən təqdim edilən investisiya dəyəri 60 milyon manatdan çox olan 15 layihəyə baxılır və bu layihələrin reallaşdırılması nəticəsində 800 nəfər daimi işlə təmin ediləcək.