“Ağsu Aqropark”a mediatur təşkil edilib
15 avqust,2022 14:00

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə KİV nümayəndələrinin “Ağsu Aqropark”a tanışlıq səfəri təşkil edilib.

 

“Ağsu Aqropark” QSC-nin baş direktoru Atababa İsayev media nümayəndələrinə aqroparkın fəaliyyəti, burada görülmüş işlər barədə məlumat verib.

 

Bildirilib ki, əkinçilik və heyvandarlıq sahələri üzrə ixtisaslaşan “Ağsu Aqropark”ın ümumi ərazisi 1843 hektardır. Layihə dəyəri 18 milyon manat olan aqroparkda hazırda 200-dək daimi işçi çalışır.

 

Aqroparkda ümumilikdə 2200 baş iribuynuzlu südlük və ətlik heyvan bəslənilir. İl ərzində müəssisədə 4 milyon litr süd istehsal olunur. Aqroparkın əkin sahələrində qarğıdalı, arpa, buğda, noxud, həmçinin yonca, vələmir kimi yem bitkiləri əkilib, ot örtüyü yaxşılaşdırılıb.

 

2021-ci ildə aqroparkda 2 584 ton arpa, 3 143 ton buğda, 4 963 ton silos qarğıdalı, 1 395 ton dən qarğıdalı, 444 ton yonca, 2 838 ton süd və 66 ton ət istehsal edilib.

 

Cari ilin ötən dövründə aqroparkda 1389 ton süd, 143,7 ton ət, 2583,7 tona arpa, 3142,5 ton buğda istehsal edilib.

 

Aqroparkda 5 nasosxana və 6 artezian quyusu istifadəyə verilib, 800 hektar sahədə yüksək standartlara cavab verən pivot suvarma sistemləri qurulub. Əkinçilikdə növbəlilik sistemi tətbiq edilir. Toplanılan silosun saxlanılması məqsədilə ərazidə 16 min tonluq beton silos quyuları və 13 min 500 kubmetr taxılsaxlama anbarları tikilib. Aqroparkda saatda 5 ton yem, ildə 10 min ton toxum təmizləmək gücünə malik zavodlar istifadəyə verilib. “Ağsu Aqropark”da istehsal olanan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldilir.