Aqroparkların nümayəndələri ilə görüş keçirilib
7 iyul,2021 17:39

İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən aqroparkların nümayəndələri ilə videoformatda görüş keçirilib.

 

Aidiyyəti dövlət qurumlarının və 40-dək aqroparkın nümayəndəsinin iştirak etdiyi görüşdə aqroparkların kənd təsərrüfatı məhsullarının istehsalında rolunun artırılması məqsədilə görülən işlər və nəzərdə tutulan tədbirlər barədə danışılıb.

 

Bildirilib ki, Azərbaycanda 32 rayonda 51 aqropark və iri fermer təsərrüfatının yaradılması istiqamətində işlər aparılır. Bunlardan 42-i artıq fəaliyyətə başlayıb, 9 aqropark və iri fermer təsərrüfatının yaradılması istiqamətində işlər davam etdirilir. Bu il 40 aqropark üzrə 17400 hektar qarğıdalı, 260 hektar günəbaxan və 270 hektar soyanın təkrar əkini həyata keçirilib.

 

Görüşdə aqroparklarda məhsul istehsalının artırılması, bu sahədə mövcud vəziyyət barədə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.