- Ana Səhifə
- Media
- Xəbərlər
- Çilinin Azərbaycandakı Müvəqqəti İşlər Vəkili Qaradağ Sənaye Parkının rezidenti "Bakı Gəmiqayırma Zavodu" MMC-də olub
Çilinin Azərbaycandakı Müvəqqəti İşlər Vəkili Gabriel Jara Maldonado Bakı Gəmiqayırma Zavodunun fəaliyyəti ilə yaxından tanış olmaq üçün noyabrın 5-də Qaradağ Sənaye Parkında olub.
Qonağa Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 iyun tarixli Sərəncamına əsasən ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə yaradılan Qaradağ Sənaye Parkı haqqında məlumat verilib. Bildirilib ki, Qaradağ Sənaye Parkının hazırda bir rezidenti var, bu da “Bakı Gəmiqayırma Zavodu” MMC-dir. Sənaye parkına 500 milyon dollara yaxın investisiya qoyulub, 2000-dək iş yeri yaradılıb. Bakı Gəmiqayırma Zavodunun tikintisi üçün SOCAR 65%, Azərbaycan İnvestisiya Şirkəti 25% və Sinqapurun Keppel şirkəti 10% paya malikdir.
Qeyd edilib ki, Bakı Gəmiqayırma Zavodunun əsas fəaliyyət istiqaməti dənizdəki dəstək gəmilərindən, ümumi yük gəmilərindən, yük gəmilərindən, kran gəmilərindən, ixtisaslaşdırılmış gəmilərdən və sərnişin gəmilərindən tankerlərə qədər müxtəlif gəmilərin konversiyasından ibarətdir.
Görüş çərçivəsində Bakı Gəmiqayırma Zavodunun təqdimatı keçirilib.
Çili Respublikasının Müvəqqəti İşlər Vəkili Gabriel Jara Maldonado Çilidə gəmiçiliyin inkişafı istiqamətində fəaliyyət göstərən müəssisələrlə Bakı Gəmiqayırma Zavodu arasında gələcəkdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılmasında maraqlı olduğunu diqqətə çatdırıb.
Bundan başqa Meksika, Kolumbiya, Peru və Çili tərəfindən 2011-ci ildə reallaşdırılan Sakit Okean Alyansının (SOA) məqsədi, fəaliyyət istiqaməti, gördüyü işlər barədə məlumat verən Müvəqqəti İşlər Vəkili Gabriel Jara Maldonado bildirib ki, hazırda 60 ölkə, həmçinin Azərbaycan da bu təşkilatda müşahidəçi tərəf kimi çıxış edir.
Sonda qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub və ünvanlanan suallar cavablandırılıb.