Noyabrın 25-də Bakıda keçirilən Azərbaycan Respublikası ilə Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonu arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupunun üçüncü iclası çərçivəsində Çin Xalq Respublikası Sincan-Uyğur Muxtar Rayonunun Xalq Hökuməti Sədrinin müavini Çja Çuncünün rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında olub.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə iqtisadiyyatın davamlı inkişaf etdirilməsi və diversifikasiyası, qeyri-neft sektorunun inkişafi, sənayedə rəqabətqabiliyyətli və ixracyönümlü, innovasiyalara əsaslanan yeni istehsal sahələrinin yaradılması ilə bağlı həyata keçirilən kompleks tədbirlər haqqında məlumat verib. Diqqətə çatdırılıb ki, bu istiqamətdə proqram xarakterli sənədlər qəbul olunub, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı təşviq mexanizmləri tətbiq edilir. Bu ilin 10 ayı ərzində ölkədə ÜDM istehsalı 2,5% artıb. 2019-cu ilin ötən dövründə qeyri-neft sənayesində 2,8 dəfə artım müşahidə edilib. Sənaye parkları qeyri-neft sənayesi üzrə ÜDM istehsalının 6%-ni təşkil edib. Azərbaycan və Çin arasında da ticarət əlaqələrinin uğurla inkişaf etdiyini qeyd edən nazir müavini bildirib ki, 2019-cu ildə iki ölkə arasında 2018-ci illə müqayisədə idxal 18%, ixrac isə 20% artıb. Hər iki ölkə arasında ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün potensial böyükdür və bu potensialın reallaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Bundan başqa Çinin Urumçi, Şanxay və Lucou şəhərlərində Azərbaycanın ticarət və şərab evləri açılıb, Honkonq, Quancou, Urumçi, Şanxay və Pekin şəhərlərinə ixrac missiyaları təşkil edilib.
Bildirilib ki, sənaye sahəsində biznes fəaliyyətinin dəstəklənməsi və istehsal sahəsində məşğulluğun artırılması məqsədi ilə sənaye zonaları yaradılır. Hazırda Azərbaycanda 5 sənaye parkı və 5 sənaye məhəlləsi fəaliyyət göstərir. Sənaye parklarında 44 rezident qeydiyyatdan keçib ki, bunlardan 24-ü fəaliyyət göstərir. İndiyədək sənaye parklarına 5,7 mlrd. manat investisiya yatırılıb, 9 minə yaxın iş yeri açılıb. Sənaye məhəllələrində isə 38 rezident (iştirakçı) qeydiyyatdan keçib və bunlardan da 22-si artıq istehsal fəaliyyətinə başlayıb. Həmçinin Çin hökuməti ilə birlikdə Azərbaycanda aqro-sənaye parklarının yaradılması istiqamətində işlər görülür.
“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov sənaye parklarında görülmüş işlər, burada sahibkarlar üçün yaradılmış əlverişli şərait, investorlar üçün tətbiq edilən güzəşt mexanizmləri və xidmətlər haqqında məlumat verib. Vurğulanıb ki, 2019-cu il 24 aprel tarixində 150-dək ölkənin iştirak etdiyi “Bir kəmər bir yol” forumu çərçivəsində “Sumqayıt Kimya Sənaye Parkı” MMC və Çinin “China National Electric Engineering Co., Ltd.” arasında parkda təkər istehsalı zavodun inşasına dair “Anlaşma Memorandumu” imzalanıb.
Görüş çərçivəsində qonaqlara sənaye parklarının fəaliyyətini əks etdirən video-təqdimat nümayiş etdirilib.
Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun Xalq Hökuməti Sədrinin müavini Cjao Çuncün Azərbaycanın Cənubi Qafqazda Çinin əsas ticarət tərəfdaşı olduğunu, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu qeyd edib, əməkdaşlığın inkişafı istiqamətləri barədə danışıb.
Sonda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra qonaqlar Sumqayıt Kimya Sənaye Parkında və sənaye parkının rezidenti “SOCAR Polmer” MMC-də görülmüş işlərlə tanış olublar.