İqtisadi Zonaların İnkişafı Agentliyi Beynəlxalq Biznes Forumunda iştirak edib
15 noyabr,2021 19:11

Noyabrın 15-də Bakı Konqres Mərkəzində 25-ci Beynəlxalq Biznes Forum (İBF - İnternational Business Forum) öz işinə başlayıb. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Türkiyə Respublikasının Ticarət Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) və İBF-in təşkilatçılığı ilə keçirilən forumda 30-a yaxın ölkədən dövlət rəsmiləri, iş adamları, investorlar, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri iştirak ediblər.

 

Eyni zamanda İqtisadi Zonaların İnkişafı Agentliyi Forum çərçivəsində təşkil edilən Azərbaycanın investisiya imkanları barədə panel iclasda təmsil olunub.

 

İclasda İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri vəzifəsini icra edən Elşad Nuriyev ölkədə fəaliyyət göstərən sənaye zonalarına dair təqdimatla çıxış edib.

 

Həmçinin forum zamanı İqtisadi Zonaların İnkişafı Agentliyinin əməkdaşları bir çox Türkiyə şirkətlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçiriblər. Şirkət nümayəndələri sənaye parklarında investorlar üçün yaradılan əlverişli biznes mühiti barədə məlumatlandırılıb və iş adamları sənaye parklarında mövcud şəraitdən yararlanmağa dəvət edilib.