Keramik plitələrin istehsalı müəssisəsində işlərin 80%-i yekunlaşıb
2 fevral,2023 16:27

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının Çin kapitallı rezidenti “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin Keramik plitələrin istehsalı müəssisəsində metal-konstruksiya və avadanlıqların quraşdırılması işləri yekunlaşmaq üzrədir.

 

Müəssisənin investisiya dəyəri 68 milyon manatdır. Layihə üzrə indiyədək görülən işlərə artıq 51 milyon manatdan çox sərmayə qoyulub və işlərin 80 faizi tamamlanıb. 400-dək insanın daimi işlə təmin ediləcəyi müəssisədə iki ölçüdə kafel-metlax istehsalı həyata keçiriləcək. İstehsal olunan məhsulların daxili bazarda satışı ilə yanaşı, Rusiya, Gürcüstan, Türkiyə, Qazaxıstan və. s. ölkələrə ixracı da planlaşdırılır.

 

Müəssisənin 2023-cü ilin birinci yarısında fəaliyyətə başlaması nəzərdə tutulur.

 

Qeyd edək ki, “Azərbaycan Vanhong Ceramics Co.” MMC-yə 2021-ci ilin oktyabr ayında Sumqayıt Kimya Sənaye Parkının rezidentliyi statusu verilib. Sənaye müəssisəsi idxalın əvəzlənməsində və ixrac potensialının genişləndirilməsində əhəmiyyətli rol oynayacaq.