KİV nümayəndələri tibbi maska istehsalı prosesi ilə tanış olublar
12 iyun,2020 16:16

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə bir qrup KİV nümayəndəsi Sumqayıt Kimya Sənaye Parkında yerləşən tibbi maska istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub.

 

Məlumat verilib ki, “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan müəssisə Sumqayıt Kimya Sənaye Parkının ərazisində müvafiq yerlə təmin edilib və ona Sənaye Parkının rezidenti statusu verilib. İnvestisiya dəyəri 3,9 milyon manat təşkil edən layihənin reallaşdırılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə 1,2 mln. manat güzəştli kredit verilib.

 

Hazırda müəssisədə 2 növ - adi (nonwoven) və baktereloji növ (meltblown) tibbi maska istehsal edilir. Müəssisədə 50-dən çox yeni iş yeri yaradılıb. İstehsal prosesi üç növbəlidir. Gələcəkdə tibbi maska növlərinin artırılması və digər tibbi məhsulların da istehsalı nəzərdə tutulur.

 

Tibbi maskaların qablaşdırılması üçün qutular Balaxanı Sənaye Parkının rezidenti olan müəssisədə istehsal edilir. Maskalar qablaşdırmadan öncə xüsusi avadanlıqla əlavə sterilizasiya olunur.

 

Müəssisədə indiyədək 4 mliyon ədəddən çox tibbi maska istehsal edilib ki, bu da ölkə üzrə ümumi maska istehsalının 76%-ni təşkil edir. Müəssisənin məhsulları yerli tələbatın ödənilməsinə yönəldilir. Artıq 2,2 milyon ədəd tibbi maska satılıb.