İqtisadi Zonaların İnkişafı Agentliyinin ötən il üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransı keçirilib
24 fevral,2026 14:38

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında və Yevlax Pilot Aqroparkında ötən il görülmüş işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat verilib.

 

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) 2025-ci il üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə dair mətbuat konfransı keçirilib.

 

İZİA-nın İdarə Heyətinin sədri Seymur Adıgözəlov media nümayəndələrinə Agentliyin idarəçiliyində olan sənaye zonalarında və Yevlax Pilot Aqroparkında  ötən il görülmüş işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat verib.

 

2025-ci ildə İZİA-nın idarəçiliyində olan sənaye zonalarında 25 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Ötən il sənaye zonalarında 14 müəssisə fəaliyyətə başlayıb. Bu müəssisələr tərəfindən sənaye zonalarına ümumilikdə 136 milyon manat investisiya yatırılıb, 1100 daimi iş yeri yaradılıb. 

 

Agentliyin idarəçiliyində olan sənaye zonalarında indiyədək investisiya portfeli 8,7 milyard manatdan artıq olan 138 sahibkarlıq subyektinə rezidentlik, 13 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 7 milyard manat sərmayə yatırılıb, 82 müəssisə fəaliyyətə başlayıb, 9700-dən artıq daimi iş yeri yaradılıb. 

 

2015-2025-ci illərdə sənaye zonalarında ümumi dəyəri 19 milyard manatdan artıq məhsul satışı həyata keçirilib, bunun da 6 milyard manatdan artıq hissəsi ixrac edilib.

 

2025-ci ildə İZİA-nın idarəçiliyində olan sənaye zonalarında 4 milyard manata yaxın satış həyata keçirilib ki, bunun da 1,2 milyard manatlıq hissəsi ixracın payına düşür. 2024-cü illə müqayisədə istehsal 21,1%, ixrac 13,4% artıb. Sənaye zonalarında istehsal edilən məhsullar dünyanın 70-dən çox ölkəsinə ixrac edilir. 2025-ci ildə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 19,1%, qeyri-neft ixracında isə 33,9% təşkil edib.

 

Sənaye zonalarında xarici sərmayənin payı da illər üzrə nəzərəçarpacaq dərəcədə artıb. Belə ki, əgər 2016-cı ildə cəmi 10,4 milyon xarici investisiya cəlb olunmuşdusa, yalnız 2025-ci ildə bu rəqəm 87,9 milyon manat səviyyəsinə çatıb. 

 

Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Sənaye Parkında hazırda 40 rezident qeydiyyatdan keçib. 2025-ci ildə Sumqayıt Sənaye Parkında 2,2 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun 1,1 milyard manatı ixracın payına düşüb. Bu göstəricilər parkın ümumi sənaye nəticələrində və qeyri-neft ixracında aparıcı rolunu aydın şəkildə göstərir.

 

Tədbirdə azad edilmiş ərazilərdə yaradılan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları barədə məlumat verilib. Qeyd olunub ki, Ağdam Sənaye Parkı rezidentlərinin sayına görə Sumqayıt Sənaye Parkından sonra ölkədə ikinci böyük sənaye parkıdır. İndiyədək Ağdam Sənaye Parkında 32 biznes subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən sənaye parkında görülmüş işlərə 145,8 milyon manat investisiya yatırılıb, 1000-ə yaxın daimi iş yeri yaradılıb. İşə qəbul zamanı Ağdam və ətraf rayonlardan olan əhaliyə üstünlük verilir ki, bu da bölgədə məşğulluğun artmasına töhfə verir. Hazırda Ağdam Sənaye Parkında 13 müəssisə fəaliyyət göstərir. Parkda istehsal edilən məhsullar daxili bazarda satılmaqla yanaşı, ixrac edilir. Sənaye parkında sahibkarlar tərəfindən 1,4 milyard manatlıq məhsul satışı həyata keçirilmişdir ki, bunun 62,3 milyon manatlıq hissəsi ixrac olmuşdur.

 

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının 19 rezidenti və 3 qeyri-rezidenti var. İndiyədək sənaye parkında görülmüş işlərə rezidentlər tərəfindən 43,8 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın iş yeri yaradılıb. 

 

Bildirilib ki, Mingəçevir, Qaradağ, Pirallahı və Hacıqabul sənaye parklarında, eləcə də Neftçala, Sabirabad və Masallı sənaye məhəllələrində istehsalın genişləndirilməsi və yeni layihələrin icrası davam etdirilir.

 

2024-cü ilin sonunda yaradılmış Naxçıvan Sənaye Parkı və 2026-cı ildə təsis edilmiş Qərb Sənaye Parkında görülmüş işlər barədə məlumat verilib. 

 

İZİA-nın idarəçiliyində olan sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər bu günədək 547 milyon manatdan çox, 2025-ci il ərzində isə 42 milyon manatdan artıq vəsaitə qənaət ediblər. 

 

2025-ci ildə beynəlxalq əməkdaşlıq istiqamətində görülmüş işlər barədə məlumat verilib. Qeyd edilib ki, İZİA ilə China Datang Overseas Investment şirkəti arasında Abşeron yarımadasında “Yaşıl Enerji Sənaye Parkı”nın yaradılması üzrə Anlaşma Memorandumu imzalanıb. Bundan əlavə, Səudiyyə Ərəbistanının ACWA Power şirkəti ilə Sumqayıt Sənaye Parkında dəniz suyunun duzsuzlaşdırılması layihəsi üzrə torpaq sahəsinin icarəsinə dair müqavilə imzalanıb. 

 

Ötən il Cənab Prezidentin iştirakı ilə açılışı olmuş Yevlax Pilot Aqroparkın fəaliyyəti haqqında da məlumat verilib. Ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan ilk aqroparkın ümumi ərazisi 2807 hektardır. Aqroparkda intensiv meyvə bağlarının salınması, heyvandarlıq və quşçuluq təsərrüfatlarının, həmçinin emal sahələrinin yaradılması nəzərdə tutulub. Burada 35 sahibkarlıq subyekti rezident kimi qeydiyyata alınıb. İndiyədək rezidentlər tərəfindən 59,4 mln. manat investisiya qoyulmaqla 185 daimi, 593 mövsümi iş yeri açılıb. 

 

Media nümayəndələri İZİA-nın idarəçiliyində olan Peşə Təhsil Mərkəzinin fəaliyyəti barədə də məlumatlandırılıb. Diqqətə çatdırılıb ki, hazırda Mərkəzdə 14 ixtisas üzrə 500-ə yaxın tələbə təhsil alır. 

 

Peşə Təhsil Mərkəzi 54 qurum və şirkətlə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində tələbələrin tədrisi, istehsalat təcrübəsi, praktik məşğələləri təşkil edilir və onların məşğulluğunun təmin edilməsi istiqamətində işlər həyata keçirilir. Mərkəzi uğurla başa vuran məzunların 70 faizinin məşğulluğu təmin edilib.

 

Qeyd edilib ki, yanvar ayında cənab Prezident Sumqayıt Sənaye Parkında iki yeni müəssisənin açılışını etmiş, bir müəssisənin təməlini qoymuşdur. Dövlət başçısının sənaye zonalarının inkişafına göstərdiyi diqqət və dəstək bu sahənin ölkənin iqtisadi siyasətində prioritet istiqamətlərdən olduğunu bir daha təsdiq edir.

 

İZİA tərəfindən 2026-cı ildə sənaye zonalarında istehsalın genişləndirilməsi, ixrac coğrafiyasının artırılması, yaşıl sənaye layihələrinin təşviqi və yeni investisiyaların cəlb olunması istiqamətində fəaliyyətin davam etdirilməsi planlaşdırılır.