Mingəçevir Sənaye Parkının rezidenti "Mingəçevir Tekstil" MMC yeni növ məhsul istehsalına başlayıb
4 dekabr,2019 16:47

Mingəçevir Sənaye Parkının rezidenti olan "Mingəçevir Tekstil" MMC daxili və xarici bazarın iplik istehsalına olan təlabatını ödəmək, bazarda öz mövqeyini qoruyub saxlamaq və payını artırmaq üçün yeni növ məhsulun-sintetik lif akril qarşılıqlı ipliklərin istehsalına başlayıb.

 

Hazırda fabrikdə 50/50 % nisbətində akril-pambıq qatqısı ilə №30 və №20 ipliklərin ilk istehsalı həyata keçirilib. Xammal olaraq akril Türkiyədən gətirilir və müəssisədə sintetik lif akril qarşılıqlı ipliklər şəklinə salınır. İlkin olaraq sözügedən məhsulun daxili bazara, daha sonra isə “Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxarılması nəzərdə tutulur.

 

Məlumat üçün bildiririk ki, İSO (Beynəlxalq Standartlar Təşkilatı) və BISFA (Beynəlxalq Sintetik Fiber Standartlaşdırma Bürosu) təriflərinə əsasən kimyəvi tərkibində ən az 85% akrilonitril olan liflərə akril liflər deyilir. Akrilik lif nəm qarışıq və quru qarışıq şəklində iki fərqli üsulla istehsal olunur.

 

Qeyd edək ki, Mingəçevir Sənaye Parkı 2015-ci il 26 fevralda yaradılıb. “Mingəçevir Tekstil” MMC 2017-ci il 25 mayda Mingəçevir Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Müəssisə 2018-ci il fevralın 27-də istehsal fəaliyyətinə başlayıb.