- Ana Səhifə
- Media
- Xəbərlər
- Özbəkistanlı iş adamları ölkəmizdə fəaliyyət göstərən bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olublar
Məlum olduğu kimi, avqustun 1-də İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ilə Daşkənddə Özbəkistanın biznes assosiasiyaları (“Uzbekipaksanoat” Assosiasiyası və “Uztekstilprom” Assosiasiyası) arasında ipəkçiliyin və baramaçılığın, həmçinin pambıqçılığın və tekstil sənayesinin inkişafına dair əməkdaşlıq memorandumları imzalanıb.
Əməkdaşlıq əlaqələri çərçivəsində özbək iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olublar. Səfər çərçivəsində nümayəndə heyəti ölkəmizdə fəaliyyət göstərən bir sıra müəssisələrə baxış keçiriblər.
Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə tanış olduqdan sonra nümayəndə heyəti Sumqayıtda fəaliyyət göstərən Gilan Tekstil Parkında olublar. İş adamlarına məlumat verilib ki, burada yüksək keyfiyyətli Azərbaycan pambığından dünya standartlarına cavab verən tekstil məhsullarının istehsalı həyata keçirilir. Tekstil Parkında İplik, Toxuma, Boyama və Tikiş fabrikləri fəaliyyət göstərir, müxtəlif növ parça, yataq dəstləri, yorğanlar, yastıqlar, habelə müxtəlif təyinatlı, oda və suya davamlı uniformalar, hərbi və xəstəxana geyimləri, xalatlar, otellər üçün dəsmallar istehsal edilir.
Ucar rayonunda “P-Aqro” MMC-yə məxsus Mahlıc istehsalı fabrikinin fəaliyyəti ilə tanış olan iş adamları fabrikdə mahlıc, uluk, lint və tifitik istehsal edildiyi, 200-ə yaxın işçinin daimi işlədiyi müəssisədə istehsal olunan məhsulların (əsasən mahlıc) Türkiyə, İran, Ukrayna və s. ölkələrə ixrac olunduğu barədə məlumatlandırılıb.
Daha sonra qonaqlar Mingəçevir Sənaye Parkında görülmüş işlər və Sənaye Parkının rezidenti “Mingəçevir Tekstil” MMC-nin fəaliyyəti ilə tanış olublar. Bildirilib ki, fabrikdə Almaniya, İsveçrə, Yaponiya və Türkiyə texnologiyaları əsasında “Ring” və “Open End” üsulu ilə iplik istehsal edilir. İnvestisiya dəyəri 93,5 milyon ABŞ dolları olan müəssisədə 475 nəfər daimi işlə təmin edilib. İndiyədək müəssisədə 189 milyon manata yaxın məhsul istehsal edilib ki, bunun da 93%-i ixrac edilib. İstehsal olunan məhsullar daxili bazarla yanaşı, “Made In Azerbaijan” brendi altında Türkiyə, Rusiya, Portuqaliya, Pakistan, Polşa, Belçika, Ukrayna və s. ölkələrə ixrac edilib.
Qonaqlara İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonaları və aqroparkların təqdimatı göstərilib, o cümlədən Yevlax Pilot Aqroparkın fəaliyyəti, burada sahibkarlar üçün yaradılacaq şərait barədə məlumat verilib. Qeyd edilib ki, Yevlax Pilot Aqroparkda meyvə qurusu, cem, ət və süd məhsulları, makaron, konservləşdirilmiş məhsullar, meyvə tingləri, toxum (arpa və buğda), heyvan yemləri və gübrə, istixana şəraitində tərəvəz bitkiləri və s. istehsal olunacaq.
Şəki şəhərində "Azərbaycan Sənaye Korporasiyası" ASC-yə məxsus “Azəripək” MMC-nin fəaliyyəti ilə tanış olan özbək iş adamlarının diqqətinə çatdırılıb ki, illik istehsal gücü 3 min ton yaş barama olan müəssisədə kəlağayı, şərf, xam ipək, xalça və s. məhsulların istehsalı həyata keçirilir. Cari ilin 6 ayı ərzində müəssisədə 341 ton yaş barama istehsal edilib. Müəssisədə 350 nəfər işlə təmin olunub.
Özbəkistanın pambıqçılıq və baramaçılıq sahəsində fəaliyyət göstərən iş adamları Yevlax “MKT İK” MMC-nin Yevlax rayonunda yerləşən aqroparkının əkin sahəsinə və Yevlax Pilot Aqroparkın tut bağlarının salınması üçün nəzərdə tutulan ərazilərinə baxış keçiriblər.
Səfər çərçivəsində nümayəndə heyəti həmçinin, Qax Damazlıq İpəkçilik Stansiyasının və “Ulu Aqro” MMC-nin Qax Aqroparkının fəaliyyəti ilə də tanış olublar.