- Ana Səhifə
- Media
- Xəbərlər
- Prezident İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin açılışında iştirak edib
Aprelin 20-də Hacıqabul Sənaye Məhəlləsinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlətimizin başçısı, əvvəlcə, sənaye məhəlləsində yerləşən “Azərmaş” zavodu ilə tanış oldu.
Məlumat verildi ki, bu müəssisə 1500 ədəd yük və xüsusi təyinatlı avtomobil istehsal etmək imkanına malikdir.
Prezident İlham Əliyev: Bunların qiyməti neçəyədir?
Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Emin Axundov: Cənab Prezident, 17 min manatdan başlayır, 130 min manatadək.
Prezident İlham Əliyev: Birinci mərhələdə nə vaxt maşınların istehsalı nəzərdə tutulur?
Emin Axundov: Yaxın zamanlarda - bir ay, ay yarım ərzində.
Prezident İlham Əliyev: Yəni, dərhal?
Emin Axundov: Bəli, cənab Prezident.
Qeyd edək ki, bu zavod gələcəkdə daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac potensialını artırmağı da hədəfləyir.
Dövlətimizin başçısı müəssisəni işə saldı.
Müəssisə Hacıqabul rayonunda 100 nəfərdən çox insanın məşğulluğunu təmin edəcək. Bu zavodda Özbəkistan və Rusiya ilə birgə layihələr icra olunacaq. Beləliklə, bu müəssisənin istifadəyə verilməsi rayonun iqtisadi inkişafı üçün böyük təkan olmaqla yanaşı, ölkəmizdə avtomobil sənayesinin formalaşmasında mühüm rol oynayacaq.
X X X
Hacıqabul Sənaye Məhəlləsində yaradılan müəssisələrdən biri də “Elberg” tikinti materialları üçün avadanlıqların istehsalı zavodudur. Bu müəssisə Azərbaycanda ilk təcrübədir.
Zavodla tanış olan dövlətimizin başçısı müəssisəni işə saldı.
Məlumat verildi ki, burada tikinti materialları - gips, əhəng, kərpic, alçipan və digər inşaat materialları istehsal edən zavodların layihələndirilməsi və quraşdırılması həyata keçiriləcək.
Prezident İlham Əliyev: Qarabağ zonasında da sənaye parkları olacaq. İndi İqtisadiyyat Nazirliyi bu məsələnin üzərində işləyir. Qarabağ zonasında mütləq belə müəssisələr yaradılmalıdır ki, insanları biz işlə təmin edək. Həm də ki, bu zonanın potensialından maksimum dərəcədə istifadə edək.
Müəssisə il ərzində iki zavodu “açar-təhvil” prinsipi ilə qurmaq imkanına malikdir. Fəaliyyətə başlaması ilə ölkədə istehsal avadanlıqları və qurğularına olan tələbatı qismən ödəməklə yanaşı, yeni ixrac imkanları da yaranacaq.
Sahibkar Elxan Bəşirov dedi ki, ilk növbədə, Hacıqabulda iş yerləri açmaq üçün burada istehsalat sahəsi yaratmaq istədik. Bizim işimiz tikinti materialları istehsal etməkdir. Burada xammal olmadığı üçün tikinti materialları istehsal edən zavodlar hazırlamağı qərara aldıq. Bu layihə Azərbaycanda ilk dəfədir ki, reallaşdırılır. Biz “açar-təhvil” prinsipi ilə işləyəcəyik. Belə təcrübə dünyada da var.
X X X
Sonra Prezident İlham Əliyev “Uyusal Ambalaj” plastik su qabları istehsalı müəssisəsinin açılışını etdi.
Məlumat verildi ki, müəssisədə il ərzində müxtəlif ölçülü 350 min ədəd su qabı istehsal olunacaq. Azərbaycanda 15 ildir fəaliyyət göstərən şirkət artıq məhsullarını Hacıqabul Sənaye Məhəlləsində istehsal edəcək.
Məhsulun keyfiyyəti və qiyməti məsələsinə gəldikdə isə Cengiz Aygör deyib ki, Azərbaycanda su istehsal edən müəssisələrə qab satırıq. Artıq xarici bazardan məhsul almağa ehtiyac yoxdur. Yerli istehsal qiymətlərə də təsir edəcək. Keyfiyyət və qiymət sahəsində də üstünlüklər var.
X X X
Hacıqabul Sənaye Məhəlləsinin digər rezidenti “Plasstech” zavodudur. Müəssisə ildə 600-900 ton yüngül tara istehsal etmək gücündədir.
Prezident İlham Əliyev: Tələbat nə qədərdir?
Sahibkar: Bizdə tələbat 500 ton arasındadır. Ölkədə tələbat böyükdür.
Prezident İlham Əliyev: Bizim tara istehsal edən bir şirkət də var. Mən onların müəssisələrində də olmuşam.
Dövlətimizin başçısı müəssisəni işə saldı.
Qeyd edək ki, bu taralardan kənd təsərrüfatı məhsullarının daşınması və qablaşdırılması zamanı istifadə olunur.
X X X
Sənaye məhəlləsində istifadəyə verilən müəssisələrdən biri isə gübrə istehsalı ilə məşğul olan “AzAgromila” müəssisəsidir.
Müəssisədə ildə 600 min ton gübrə istehsal olunacaq.
Prezident İlham Əliyev müəssisəni işə saldı.
Qeyd edək ki, Sənaye Məhəlləsini seçərkən sahibkarların ən çox diqqət yetirdiyi məsələ məkanın coğrafi və infrastruktur baxımından əlverişli olmasıdır.
Sahibkar Ramazan Karaşahir dedi ki, Hacıqabul Sənaye Məhəlləsi Ələt Ticarət Limanına yaxın məsafədə yerləşir. Biz müəssisəmizi yaradarkən bu amili nəzərə almışıq. Müəssisəmizdə orqanik tərkibli gübrələr istehsal olunur.
Xatırladaq ki, Hacıqabul Sənaye Məhəlləsində ümumilikdə müxtəlif istehsal sahələri üzrə 10 müəssisə qurulub və sahibkarlar tərəfindən bu layihələrin icrasına 45,44 milyon manat investisiya cəlb olunub. Sənaye Məhəlləsində mövcud layihələr üzrə 364 iş yerinin yaradılması nəzərdə tutulub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, ölkəmizdə sənayeləşmə artıq iri şəhərlərlə yanaşı, regionları da əhatə edir. Fəaliyyətdə olan sənaye məhəllələrinə indiyədək 73 milyon manatdan çox sərmayə yatırılıb, 286 iş yeri açılıb. Rezidentlər 96 milyon manatdan çox məhsul satışını həyata keçiriblər.