Rusiya nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında olub
4 oktyabr,2019 14:41

Rusiya Federasiyasının "Opora Rossii" Ümumrusiya Kiçik və Orta Sahibkarlıq İctimai Təşkilatının prezidenti Aleksandır Kalininin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 3-də Sumqayıt Kimya Sənaye Parkında olublar.

 

Görüşdə Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini vurğulayan "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin direktoru Nazim Talıbov ölkəmizdə fəaliyyət göstərən sənaye parkları, burada sahibkarlar üçün yaradılan əlverişli şərait, müasir infrastruktur, rezidentlər üçün tətbiq edilən güzəşt mexanizmləri və xidmətlər barədə məlumat verib. Bildirilib ki, sənaye parklarının rezidentləri üçün stimullaşdırıcı tədbirlər tətbiq edilir. Belə ki, rezidentlər qeydiyyata alındıqları tarixdən 7 il müddətinə əmlak, torpaq və mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar.

 

Bundan başqa Sumqayıt Kimya, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parklarının rezidentləri və onların istehsal etdikləri məhsullar barədə məlumatlar qonaqların diqqətinə çatdırılıb. Sənaye parklarının təqdimatı keçirilib.

 

"Opora Rossii" Ümumrusiya Kiçik və Orta Sahibkarlıq İctima Təşkilatının prezidenti Aleksandır Kalinini parka səfər etmələrində məqsədin burada sahibkarlar üçün yaradılan şəraitlə, sənaye parkının rezidentlərinin fəaliyyət istiqaməti ilə tanış olmaqdan ibarət olduğunu bildirib. Aleksandır Kalinini sənaye parklarında rezidentlər üçün yaradılan şəraiti yüksək qiymətləndirib.

 

Sonda sənaye parklarına sərmayə yatırılmasının prespektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və ünvanlanan suallar cavablandırılıb.

 

Daha sonra qonaqlar Sumqayıt Kimya Sənaye Parkının ərazisində görülmüş işlərlə tanış olublar.