Sumqayıtla qardaşlaşmış şəhərlərin nümayəndələri Sumqayıt Kimya Sənaye Parkında olublar
18 noyabr,2019 14:01

Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi çərçivəsində noyabrın 18-də Sumqayıtla qardaşlaşmış şəhərlərin-Çinin Xuan əyalətinin Çju Çou, Almnaniyanın Lüdviqshafen, Ukraynanın Cerkassı, Rusiyanın Nevinnomıssk şəhərlərinin nümayəndələri Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Sahib Quliyevin müşayiəti ilə Sumqayıt Kimya Sənaye Parkında olublar.

 

“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov qonaqlara ölkəmizdə sənayeləşmə siyasətinə uyğun olaraq reallaşdırılan sənaye parkları, burada sahibkarlar üçün yaradılan əlverişli şərait, investorlar üçün tətbiq edilən güzəşt mexanizmləri və xidmətlər barədə məlumat verib. Bildirilib ki, hazırda ölkədə 5 sənaye parkı fəaliyyət göstərir. Bunlar Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Mingəçevir və Balaxanı sənaye parklarıdır. Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Mingəçevir sənaye parklarının idarəedici təşkilatı İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-dir. 4 sənaye parkı üzrə 27 rezident qeydiyyata alınıb, bunlardan da 16-sı artıq fəaliyyət göstərir. İndiyədək sənaye parklarına 5,7 mlrd. manat investisiya yatırılıb, 9 minə yaxın iş yeri açılıb. Bu günə kimi sənaye parklarında 1,70 mlrd. manat dəyərində məhsul istehsal edilib ki, bunun 385 milyon manatlıq hissəsi ixrac olunub.

 

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Sahib Quliyev qardaşlaşmış şəhərlər layihəsi çərçivəsində mütəmadi olaraq nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, iqtisadi, mədəni və humanitar sahələrdə həyata keçirilən layihələr haqqında məlumat verib.

 

Sumqayıtla Lüdviqshafen şəhəri arasındakı əlaqələrdən danışan Lüdviqshafen şəhərinin nümayəndəsi, bildirib ki, hər iki şəhər sənaye şəhəri olduğu üçün əsas əməkdaşlıq istiqaməti sözügedən sahə üzrə inkişaf edib.

 

Görüşdə iştirak edən digər şəhərlərin nümayəndələri Sumqayıtla təmsil etdikləri şəhərlər arasındakı əlaqələrdən danışıblar.

 

Daha sonra qonaqlar Sumqayıt Kimya Sənaye Parkının ərazisində görülmüş işlərlə, sənaye parkının rezidentləri “Azertexnolayn” MMC-nin Polad boru zavodunda və “Tabaterra” QSC-nin siqaret istehsalı fabrikində gedən istehsal prosesi ilə tanış olublar.

 

Qeyd edək ki, hazırda Sumqayıt dünyanın 13 şəhəri ilə qardaşlıq və tərəfdaşlıq əlaqələri qurub.

.