Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) iqtisadiyyat nazirlərinin 10-cu görüşünün və biznes forumun iştirakçıları Ağdama səfər ediblər.
TDƏŞ üzv dövlətlərinin nümayəndələri Qarabağ Xanlarının türbələri və yaşayış evlərini (İmarət), Ağdam Cümə Məscidini, Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın dağıdılmış qəbirüstü abidəsi və məzarını, Ağdamda mövcud olmuş və dünyada təkcə Böyük Britaniyada analoqu olan Çörək muzeyini ziyarət edib, işğalçı Ermənistanın silahlı birləşmələrinin törətdiyi vəhşilikləri, tarixi, dini və mədəni abidələrimizə qarşı erməni vandalizmini əyani şəkildə görüblər.
Səfər iştirakçılarına Ağdamda həyata keçirilən və həzərdə tutulan bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Azərbaycan Respublikasının Prezidentinin Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində xüsusi nümayəndəsi Emin Hüseynov Ağdam şəhərinin Baş Planı haqqında danışıb. Bildirilib ki, dövlət başçısının mayın 28-də Ağdama səfəri zamanı avtomobil yolunun, yaşayış binasının, Sənaye Parkının, 1 saylı məktəbin yeni binasının təməli qoyulub, park-meşədə ağaclar əkilib. Ağdamın strateji coğrafi mövqeyi, digər bölgələrlə qovuşuqda yerləşməsi, zəngin potensialı və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir.
Ağdam Sənaye Parkı barədə iştirakçıları məlumatlandıran “Sumqayıt Kimya Sənaye Park” MMC-nin direktoru Elşad Nuriyev qeyd edib ki, Park qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalar, TIR parkı, tikinti materiallarının satışı bazası hissələrinə bölünəcək. Burada tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların təşkili planlaşdırılır.
Qonaqlar Ermənistanın viran qoyduğu Ağdamın tezliklə bərpa olunacağına, regionun ən gözəl şəhərlərindən birinə çevriləcəyinə əminliklərini ifadə ediblər.