Türkiyə şirkətlərinin nümayəndələri "Sumqayıt Kimya Sənaye Parkı" MMC-də olublar
25 oktyabr,2019 15:01

Türkiyə Respublikasının İqtisadiyyat Klubu İş Adamları Təşkilatının Konya şöbəsinin müdiri Hasan Bağcının rəhbərlik etdiyi Türkiyədə müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri oktyabrın 25-də "Sumqayıt Kimya Sənaye Parkı" MMC-də olublar.

 

İş adamlarına ölkədə sənayeləşmə siyasətinə uyğun olaraq reallaşdırılan sənaye parkları, burada sahibkarlıq fəaliyyətinin inkişafı üçün yaradılan əlverişli şərait, rezidentlər üçün tətbiq edilən güzəşt mexanizmləri və xidmətlər haqqında məlumat verilib. Bildirilib ki, sənaye parklarında dövlət vəsaitləri hesabına müasir infrastruktur yaradılır, sahibkarların vəsaitlərini investisiya qoyuluşuna yönəltmələri təmin edilir. Hazırda ölkədə 5 sənaye parkı fəaliyyət göstərir. Bunlar Sumqayıt Kimya, Qaradağ, Mingəçevir, Pirallahı və Balaxanı sənaye parklarıdı. Sumqayıt Kimya, Qaradağ, Mingəçevir və Pirallahı sənaye parklarının idarəedici təşkilatı İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-dir. İndiyədək 4 sənaye parkı üzrə 27 rezident qeydiyyatdan keçib ki, bunlardan da artıq 13-ü fəaliyyət göstərir. Sənaye parklarında istehsal olunan məhsullar daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac olunur.

 

İqtisadiyyat Klubu İş Adamları Təşkilatının Konya şöbəsinin müdiri Hasan Bağcı rəhbəri olduğu təşkilat haqqında məlumat verərək bildirib ki, sözügedən təşkilat Türkiyənin hər sahədə inkişafı üçün əsasən sosial və ticarət sahəsində strategiya hazırlayır. Təşkilatın əsas məqsədi ölkənin maraqlarını ön planda tutaraq ticarətin fundamental problemlərinin həllini təmin etmək, universitetlərin texniki və nəzəri imkanlarını iş dünyasının təcrübəsi və dinamikliyi ilə birləşdirmək, eləcə də mədəni və sosial fəaliyyətlərə dəstək verməkdir.

 

Görüşdə iştirak edən Türkiyə şirkətlərinin nümayəndələri təmsil etdikləri müəssisələrin fəaliyyəti və əməkdaşlıq imkanları barədə məlumat veriblər.

 

Daha sonra iş adamlarına sənaye parklarının video-təqdimatı göstərilib.

 

Sonda sənaye parkına sərmayə yatırılmasının prespektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və ünvanlanan suallar cavablandırılıb.