Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AlDA) ilə ADA Universiteti tərəfindən birgə təşkil olunan “Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı - 2022” adlı beynəlxalq kursun ölkəmizdə səfərdə olan iştirakçıları Sumqayıt Kimya Sənaye Parkında olublar.
İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev qonaqlara ölkədə mövcud sənaye zonaları və aqroparklar barədə məlumat verib. Bildirilib ki, sənaye zonalarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya və biznes mühiti yaradılıb, xarici və yerli investorlar bu imkanlardan yararlana bilərlər.
Görüş çərçivəsində sənaye zonalarının və aqroparkların fəaliyyətini əks etdirən təqdimat nümayiş etdirilib.
Tədbirdə belə görüşlərin mütəmadi olaraq təşkil olunması, xarici diplomatik korpusun nümayəndələrinin ölkəmizdə həyata keçirilən mühüm iqtisadi tədbirlər, sənaye zonalarında mövcud imkanlar və yeniliklər barədə məlumatlandırılmasının əhəmiyyəti qeyd olunub.
Sonda diplomatlar Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə və Sənaye Parkının rezidenti “Azerfloat” QSC-nin Şüşə istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olublar.