“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin əməkdaşları noyabrın 21-də Hindistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən Azərbaycan-Hindistan Biznes Simpoziumunda iştirak ediblər. Biznes Simpoziuma hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları qatılıb.
Tədbir çərçivəsində “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin əməkdaşları Hindistan Sənayesi Konfederasiyasının Cənubi və Mərkəzi Asiya üzrə icraçı direktoru Shivani Agarval və Hindistanda soyutma və isitmə avadanlıqların istehsalı ilə məşğul olan “Thermax Limited” şirkətinin Türkiyə, Şərqi Avropa və MDB ölkələri üzrə meneceri Venkataratna Reddy Mule ilə görüşüblər. İş adamlarına Azərbaycanda fəaliyyət göstərən sənaye parkları, burada rezidentlər üçün tətbiq edilən güzəşt mexanizmləri və xidmətlər haqqında məlumat verilib.
Sonda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və ünvanlanan suallar cavablandırılıb.