Peşə Təhsil Mərkəzində “Məzun günü” keçirilib
25 iyun,2026 09:40

İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdindəki Peşə Təhsil Mərkəzində 10 ixtisas üzrə 140 tələbə məzun olur.

 

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdindəki Peşə Təhsil Mərkəzində “Məzun günü” keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, təhsil və biznes ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov məzunları əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, peşə təhsilinin əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanmasında mühüm rol oynadığını vurğulayıb.

 

Tədbirdə Milli Məclisin deputatı Tahir Mirkişili, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Elşən Mahmudov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Nigar İsmayılzadə, Sumqayıt Yeni Azərbaycan Partiyası təşkilatının sədr müavini Cavid Məmiyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin Sumqayıt şəhəri üzrə təhsil sektorunun müdiri İman Ağayev, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının layihə rəhbəri Yusif Axundov, “Azərsun Holdinq” MMC-nin təlim və inkişaf şöbəsinin müdiri Vəfa Əsədova, “INNAB Business School”un direktoru Rauf Hacıyev çıxışlarında peşə təhsilinin insan kapitalının inkişafında əhəmiyyətini vurğulayıb, əmək bazarının tələblərinə uyğun peşəkar kadr hazırlığının ölkənin iqtisadi inkişafına verdiyi töhfədən bəhs ediblər. Məzunlara əldə etdikləri bilik və bacarıqları gələcək fəaliyyətlərində uğurla tətbiq etmələri, daim öz üzərlərində çalışmaları və peşəkar inkişaflarını davam etdirmələri tövsiyə olunub.

 

Tədbir bədii proqramla davam edib.

 

Qeyd edək ki, cari tədris ilində Peşə Təhsil Mərkəzində 10 ixtisas üzrə 140 tələbə məzun olur.