Xarici şirkətlərlə bir sıra görüşlər keçirilib
8 ноября,2019 15:13

"Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin əməkdaşları "CASPİNDEXPO-2019" Beynəlxalq Sənaye Sərgisi çərçivəsində noyabrın 7-də Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda iştirak ediblər.

 

Tədbirdə hər iki ölkədən ticarət, sənaye, energetika, nəqliyyat və logistika, tikinti, kənd təsərrüfatı, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən 100-ə yaxın iş adamı iştirak edib. Forum çərçivəsində “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin əməkdaşları İranda Avtomobil hissələri və hermetik qaz qızdırıcılarının istehsalı ilə məşğul olan Shokat, Yuyucu və gigiyenik vasitələrin, eləcə də əczaçılıq sənayesində istifadə edilən qablaşdırma məhsullarının istehsalını həyata keçirən “Forohar Tisfon Engineering Company”, Yuyucu vasitələrin istehsalı ilə məşğul olan Paxan, Mikro yosunlar (qida və əczaçılıq sənayesində, kosmetik vasitələrinin və heyvan yeminin hazırlanmasında istifadə olunur) Konsentratının istehsalçısı olan “Rizjolbaki parsian” şirkətlərinin və Guilan Elm və Texnologiya Parkının İnkubasiya Mərkəzinin nümayəndələri ilə görüş keçiriblər.

 

Sözügedən şirkətlərin və parkın nümayəndələrinə Azərbaycanda fəaliyyət göstərən sənaye parkları barədə, burada sahibkarlar üçün yaradılan şərait, rezidentlər üçün tətbiq edilən güzəşt mexanizmləri və xidmətlər haqqında məlumat verilib. Daha sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və ünvanlanan suallar cavablandırılıb. 

 

Eyni zamanda Guilan Elm və Texnologiya Parkının İnkubasiya Mərkəzinin meneceri xanım Bahare Pourmeradi noyabrın 8-də “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin ofisində olub.

 

Görüşdə qurumlar arasında ortaq istiqamətlərdə əməkdaşlığın təşkilinə dair müzakirələr aparılıb.