Yaponiyanın Azərbaycandakı səfiri Pirallahı Sənaye Parkında olub
4 февраля,2022 14:33

Fevralın 3-də Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çuniçi Vada və Səfirliyin bir qrup əməkdaşı Pirallahı Sənaye Parkı ilə tanış olublar.

 

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsini icra edən Elşad Nuriyev qonaqlara ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün yaradılmış əlverişli şərait, rezidentlər üçün tətbiq edilən güzəşt mexanizmləri və göstərilən xidmətlər barədə məlumat verib.

 

Bildirilib ki, Pirallahı Sənaye Parkı əczaçılıq sənayesinin inkişaf etdirilməsi məqsədilə yaradılıb və hazırda sənaye parkında 4 müəssisə rezident kimi qeydiyyatdan keçib ki, bunlardan da 2-si fəaliyyət göstərir. Ümumilikdə, rezidentlər tərəfindən Sənaye Parkına 36,7 milyon manat investisiya yatırılıb, 100-dən çox daimi iş yeri yaradılıb.

 

Azərbaycanla Yaponiya arasında iqtisadi əlaqələrin inkişaf etdiyini qeyd edən səfir Çuniçi Vada ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafının əhəmiyyətini vurğulayıb, yapon iş adamlarının Azərbaycanda yaradılmış sənaye zonalarına sərmayə qoymaqda maraqlı olduqlarını diqqətə çatdırıb.

 

Səfir Çuniçi Vada və Səfirliyin əməkdaşları Pirallahı Sənaye Parkının rezidenti “Diamed Co” MMC-nin Şpris istehsalı zavodu ilə tanış olublar. Zavodda istehsal prosesində Yaponiyadan gətirilən xammaldan istifadə olunduğu qeyd edilib. Səfir Yaponiya şirkətlərinin “Diamed Co” MMC, o cümlədən digər yerli şirkətlər arasında əczaçılıq sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikirlərini bölüşüb.