İraq Respublikasının nümayəndə heyəti SKSP-da olub
7 августа,2021 17:21

Azərbaycana səfəri çərçivəsində İraq Respublikasının İnşaat, Mənzil, Bələdiyyələr və İctimai İşlər nazirinin müavini Yılmaz Şahbaz Abbasın rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 6-da Sumqayıt Kimya Sənaye Parkında olub. Görüşdə nazirlik, qurum və səfirliyin nümayəndələri iştirak ediblər.

 

Əvvəlcə qonaqlar Sumqayıt Kimya Sənaye Parkında rezidenti “STP” MMC-nin Kabel zavodunda gedən istehsal prosesi ilə tanış olublar. İstehsal prosesi ilə tanışlıqdan sonra tərəflər arasında işgüzar görüş keçirilib.

 

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsini, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı İraqın qətiyyətli mövqeyinin, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

 

Budan başqa nazir müavini Azərbaycanda biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin və ixrac imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

 

Qonaqlara ölkədə fəaliyyət göstərən sənaye parkları, burada sahibkarlar üçün yaradılmış əlverişli şərait, investorlar üçün tətbiq edilən vergi və gömrük güzəştlər barədə məlumat verilib. Sənaye parklarının, "STP" MMC-nin fəaliyyəti barədə təqdimat keçirilib.

 

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən İraq Respublikasının tikinti və şəhərsalma nazirinin müavini Yılmaz Şahbaz Abbas ölkəsinin Azərbaycanla iqtisadi-ticarət-sənaye-tikinti sahələrində əməkdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu bildirib.

 

Sonda tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və qarşı tərəfdən ünvanlanan suallar cavablandırılıb.