Hindistanlı iş adamları Sumqayıt Kimya Sənaye Parkında olublar
22 ноября,2019 14:22

Noyabrın 22-də Hindistan Sənayesi Konfederasiyasının Cənubi və Mərkəzi Asiya üzrə icraçı direktoru Shivani Agarvalın rəhbərlik etdiyi hindistanlı iş adamlarından ibarət nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında olublar.

İş adamlarına sənaye parkları, burada sahibkarlar üçün yaradılmış əlverişli şərait, güzəşt mexanizmləri və xidmətlər barədə məlumat verilib. Bildirilib ki, sənaye parklarında rezidentlər üçün vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlər tətbiq edilir. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 7 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. Bundan başqa, sənaye parklarında dövlət vəsaitləri hesabına müasir infrastruktur yaradılır, sahibkarların vəsaitlərini investisiya qoyuluşuna yönəltmələri stimullaşdırılır.

Görüşdə iş adamlarına sənaye parklarının fəaliyyətini əks etdirən video-çarx göstərilib.

Hindistanlı iş adamları gələcəkdə sənaye parklarında investisiya layihəsi həyata keçirmək və parkda fəaliyyət göstərən sənaye müəssisələri ilə qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

Sonda sənaye parklarına sərmayə yatırılmasının prespektivləri müzakirə olunub və ünvanlanan suallar cavablandırılıb.

Daha sonra iş adamları Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə və sənaye parkının rezidenti “STP” MMC-nin Elektrik avadanlıqları zavodunda gedən istehsal prosesi ilə tanış olublar.