İqtisadi Zonaların İnkişafı Agentlyinin sədri vəzifəsini icra edən Elşad Nuriyev Jebel Ali Azad iqtisadi Zonasında olub
5 ноября,2021 18:10

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində bir sıra aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri və iş adamları ilə görüşlər təşkil edilib, müzakirələr aparılıb.

 

İqtisadi Zonaların İnkişafı Agentlyinin sədri vəzifəsini icra edən Elşad Nuriyev Jebel Ali Azad iqtisadi Zonasında (JAFZA) olub və Dubay Limanının (DP World) İqtisadi Zonalar və parklar üzrə rəhbəri Saloosh Shastree ilə görüşüb.

 

Görüşdə Elşad Nuriyev Azərbaycanda fəaliyyət göstərən sənaye zonaları haqqında, burada investorlar üçün yaradılmış əlverişli investisiya mühiti və sahibkarlar üçün tətbiq edilən güzəşt mexanizmləri və göstərilən xidmətlər barədə məlumat verib.

 

Saloosh Shastree Jebel Ali Azad Zonasının fəaliyyət istiqamətlərindən danışıb. Bildirilib ki, Jebel Ali Azad Zonası Dubai Limanının tərkib hissəsidir və dünya üzrə 150-dən çox limanı birləşdirən 80-dən çox həftəlik xidmətlər üçün əsas qapıdır. O, 24 il ardıcıl olaraq “Yaxın Şərqin ən yaxşı dəniz limanı” seçilib və dünyanın ən böyük konteyner limanları arasında yer alıb.

 

Daha sonra tərəflər arasında əməkdaşlıq əlaqələrinin qurulması və qarşılıqlı təcrübə mübadiləsinin aparılması istiqamətində müzakirələr aparılıb.

 

Sonda Elşad Nuriyev Jebel Ali Azad Zonasında mövcud olan infrastruktur sistemi, bir pəncərə mexanizmi və digər biznes prosesləri ilə tanış olub.