Sumqayıt Kimya Sənaye Parkında yeni fəaliyyətə başlayan istehsal müəssisələrinə mediatur təşkil olunub
22 июля,2022 16:34

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların Inkişafi Agentliyinin (İZİA) təşkilatçılığı ilə Sumqayıt Kimya Sənaye Parkında (SKSP) yeni fəaliyyətə başlayan istehsal müəssisələrinə mediatur təşkil edilib.

 

KİV nümayəndələrinə ölkədə fəaliyyət göstərən sənaye zonaları, eləcə də Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlər barədə məlumat verilib. Bildirilib ki, sənaye zonaları üzrə indiyədək 108 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 58-i fəaliyyətə başlayıb. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,4 milyard manatdan çox investisiya yatırılıb və 10100-dən artıq daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 450 milyon manatdan çox investisiyanın yatırılması və 4500-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur. Sənaye zonalarında indiyədək ümumilikdə 7,17 milyard manatdan çox məhsul istehsal edilib ki, bunun da 2,3 milyard manatlıq hissəsi (təqribən 32,7 %-i) ixrac olunub.

 

Media mənsubları Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azərsulfat” MMC-nin Sulfat turşusu istehsalı müəssisəsində olublar. Diqqətə çatdırılıb ki, Sənaye Parkının 1,5 hektar ərazisində inşa edilmiş müəssisənin illik istehsal gücü 20 min ton, ümumi investisiya dəyəri 10 milyon manatdan çoxdur. Müəssisədə 34 nəfər daimi işlə təmin edilib.

 

“Glassica” QSC-nin Şüşə tara məhsullarının istehsalı müəssisəsində KİV nümayəndələrinə məlumat verilib ki, ümumi investisiya dəyəri 20 milyon manatdan artıq olan müəssisənin illik istehsal gücü 90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsulları (butulka) təşkil edir. Müəssisədə 160 daimi iş yeri yaradılıb.

 

Media nümayəndələri həmçinin, Sumqayıt Kimya Sənaye Parkının digər rezidentlərinin də layihələri barədə məlumatlandırılıblar.