Yevlax Pilot Aqroparkda sahibkarlar infrastrukturla tam təmin edilirlər
21 fevral,2025 11:58

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Yevlax Pilot Aqroparkda rezidentlər dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilirlər.

 

Ümumi ərazisi 2807 hektar olan Yevlax Pilot Aqroparkı ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan ilk dövlət aqroparkıdır. Aqroparkda intensiv meyvə bağlarının salınması, heyvandarlıq və quşçuluq təsərrüfatlarının, həmçinin emal sahələrinin yaradılması nəzərdə tutulub. Aqroparkın 2807 hektar ərazisinin 1185 hektarını 58 parelə bölünmüş sahələr, 1298 hektarı heyvanların yem təminatı və pambıqçılıq sahələri, 141 hektarı sənaye zonası, qalan 183 hektarını isə mühafizə zolaqları və təsərrüfatdaxili yollar təşkil edir.  

 

Aqroparkda sahibkarlar dövlət vəsaiti hesabına infrastrukturla təchiz edilmiş torpaq sahələri ilə təmin edilirlər. Belə ki, hazırda Aqroparkda dövlət investisiyası hesabına tutumu 110 min kubmetr olan su anbarı və 8 aqreqatlı nasos stansiyası inşa olunmuş, 800 hektar ərazinin təzyiqli su və elektrik təchizatı tam təmin olunmuş, təsərrüfatdaxili yollar çəkilmiş və uzunluğu 12,5 kilometr olan sel ötürücü kanalın 10,4 kilometrlik hissəsi tikilib. Qalan 385 ha ərazinin su və elektrik təchizatı, daxili yollar və su ötürücü kanalların tikintisi üzrə işlərin 2025-ci ildə yekunlaşdırılması planlaşdırılır.