Ağdam Sənaye Parkında yeni rezident
13 oktyabr,2026 09:29

Ağdam Sənaye Parkının yeni rezidenti tərəfindən un istehsalı layihəsi həyata keçiriləcək. 

 

“Ağdam Agro Un” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti statusu verilib. 

 

İnvestisiya dəyəri 12 milyon manat olan layihə çərçivəsində un istehsalının həyata keçirilməsi nəzərdə tutulur. 

 

Qeyd edək ki, Ağdam Sənaye Parkı dövlət başçısının 2021-ci il 28 may tarixli Fərmanına əsasən, Ağdam rayonunda 190 hektar ərazidə yaradılıb. Parkın yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişafı, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Sənaye Parkının prioritet istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət, süd, yem, gübrə istehsalının və emalının, xidmət sahələrinin, soyuducu kameraların təşkilidir. Ağdam Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlət tərəfindən əlverişli investisiya mühiti yaradılıb. Burada rezidentlər 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergisindən tam azaddırlar. Eyni zamanda, istehsal məqsədilə idxal olunan texnika, avadanlıq və xammal 10 il müddətinə ƏDV-dən və gömrük rüsumlarından azad edilir. Bununla yanaşı, sahibkarlar üçün sosial sığorta haqlarının subsidiyalaşdırılması və digər stimullaşdırıcı tədbirlər də nəzərdə tutulub. 

 

Rezidentlərin sayına görə ölkə üzrə 2-ci yerdə olan Sənaye Parkında istehsal olunan məhsullar yerli tələbata yönləndirilməklə yanaşı, ixrac olunur.

 

Ağdam Sənaye Parkında 36 sahibkarlıq subyektinə rezidentlik, 3 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sənaye parkında həyata keçirilən layihələr üzrə sahibkarlar tərəfindən indiyədək 175 milyon manatdan çox investisiya qoyulub, 1000-dən artıq iş yeri yaradılıb.