“STP” Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.
Sumqayıt Texnologiyalar Parkı (STP) 2009-cu ildə Azərbaycan sənaye sektorunun inkişafına dəstək vermək, yerli istehsal potensialını gücləndirmək və ölkənin ixrac imkanlarını genişləndirmək məqsədilə yaradılıb. Bu gün STP Şirkətlər Qrupu regionun ən böyük sənaye komplekslərindən biridir.
Yaradıldığı gündən etibarən STP Şirkətlər Qrupunun əsas məqsədi beynəlxalq standartlara cavab verən, yüksək keyfiyyətli və rəqabətqabiliyyətli sənaye məhsulları istehsal etmək olub. Bu gün Şirkətlər Qrupunun məhsulları enerji, inşaat, neft-qaz və kənd təsərrüfatı sahələrində geniş istifadə olunur. Qrupun zavodları alçaq, orta və yüksək gərginlikli elektrik ötürücü və rabitə xətləri üçün müxtəlif növ kabellər; növbə gözləmə, ödəniş, kargo - terminallar; generatorlar; kabel kanalları; polimerdən sənaye və məişətdə istifadə olunan su, qaz boruları və həmçinin çirkab suların axıdılması üçün istifadə olunan borular; tökmə və qaynaq üsulu ilə hazırlanan fitinqlər; stadion oturacaqları; zolaq ayrıcıları; alüminium pəstahlar və profillər; mis və alüminium elektrotexniki çubuqlar; texniki qazlar və quru buz; geniş təyinatlı metal konstruksiyalar; körpülü və yerüstü kranlar və yüksək təzyiqli çənlər istehsal edir. Bundan əlavə, qrupun zavodları mexaniki yığım və antikorroziya örtüyü xidmətləri göstərir, o cümlədən qumlama və sinkləmə işlərini həyata keçirir.