COP31-də Azərbaycanın sənaye sektorunda yaşıl və rəqəmsal transformasiya təcrübəsi təqdim olunub
19 noyabr,2026 17:07

COP31 çərçivəsində keçirilən paneldə sənaye zonalarının yaşıl transformasiyada rolu, investisiya təşviqi mexanizmləri və sənaye müəssisələrində enerji səmərəliliyinin artırılması istiqamətində Azərbaycanın təcrübəsi diqqətə çatdırılıb.

 

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədr müavini Aqil Əzizov Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində Türkiyə Pavilyonunda Ankara Sənaye Palatası (ASO) və Türkiyə Texnologiyanın İnkişafı Fondu (TTGV) tərəfindən birgə təşkil olunan panel müzakirəsində iştirak edib. 

 

“İnkişaf etməkdə olan iqtisadiyyatlarda sənayenin yaşıllaşdırılması: sənaye diaqnostikasından və iqlim texnologiyalarından maliyyələşməyə hazır layihələrə və genişmiqyaslı icraya qədər ikili transformasiya modeli” mövzusuna həsr olunan paneldə Azərbaycanın sənaye sektorunda yaşıl və rəqəmsal transformasiya istiqamətində həyata keçirdiyi tədbirlər və əldə olunan təcrübə barədə məlumat verilib.

 

Sənaye zonalarının yaşıl transformasiyada rolu, sənaye müəssisələrində rəqəmsallaşma və enerji səmərəliliyinin artırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb.

 

Həmçinin yaşıl sənaye layihələrinin reallaşdırılmasında dövlət siyasətinin, institusional koordinasiyanın və maliyyə mexanizmlərinin əhəmiyyəti vurğulanıb.