İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov AZƏRTAC-a müsahibə verib
25 iyun,2026 14:40

- Azərbaycanda sənaye zonalarının (sənaye parkları və məhəllələrinin) yaradılması və idarə olunması üzrə əsas prioritetlər hansılardır və bu prioritetlər ölkənin sənayeləşmə strategiyası ilə necə uzlaşır? Yeni sənaye zonalarının yaradılması zamanı regionların seçimi hansı iqtisadi və logistik meyarlara əsaslanır?

 

- Azərbaycanda sənaye zonalarının yaradılması və inkişafı Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü sənayeləşmə və iqtisadiyyatın şaxələndirilməsi strategiyasının mühüm tərkib hissəsidir. Dövlət başçısının rəhbərliyi ilə qeyri-neft sektorunun gücləndirilməsi, regionların iqtisadi potensialının reallaşdırılması və innovativ sənaye modelinə keçid prioritet istiqamətlər kimi müəyyən edilib. Sənaye zonaları bu siyasətin praktiki icra mexanizmi kimi çıxış edir və ölkədə müasir sənaye ekosisteminin formalaşmasına xidmət edir. Bu sahədə prioritetlər yüksək əlavə dəyər yaradan və rəqabətqabiliyyətli istehsalın təşviqi, ixracyönümlü sənayenin genişləndirilməsi, innovasiya və müasir texnologiyaların tətbiqi, eləcə də regionların balanslı sosial-iqtisadi inkişafının təmin edilməsidir.

 

Hazırda ölkədə fəaliyyət göstərən sənaye zonalarına milyardlarla manat həcmində investisiya cəlb olunub, minlərlə iş yeri yaradılıb və sənaye məhsullarının istehsalında əhəmiyyətli artım müşahidə edilib. Bu göstəricilər sənaye zonalarının ölkənin sənayeləşmə strategiyasının həyata keçirilməsində mühüm alət kimi çıxış etdiyini bir daha təsdiqləyir. Sənaye zonalarının regionlar üzrə yerləşdirilməsi zamanı hər bir ərazinin iqtisadi potensialı və ixtisaslaşma istiqamətləri nəzərə alınır. Məsələn, Pirallahı Sənaye Parkı əczaçılıq sənayesinin inkişafı üzrə ixtisaslaşıb və burada müxtəlif formalı və təyinatlı dərman vasitələrinin istehsalı həyata keçirilir. Mingəçevir Sənaye Parkı isə daha çox tekstil sənayesinə yönəlmişdir və pambıq emalı, iplik və parça istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr burada cəmləşib. Sumqayıt Sənaye Parkı kimya və ağır sənaye sahələri üzrə ixtisaslaşıb. Eyni zamanda, sənaye məhəllələri də regionların xüsusiyyətlərinə uyğun formalaşdırılır. Məsələn, Neftçala Sənaye Məhəlləsində balıqçılıq, avtomobil və kənd təsərrüfatı texnikasının yığımı, Masallı Sənaye Məhəlləsində isə qida və yüngül sənaye məhsullarının istehsalı üstünlük təşkil edir. Bu yanaşma regionların mövcud resurslarından səmərəli istifadə etməyə və yerli istehsalın inkişafına şərait yaradır. Yeni sənaye zonalarının yerləşdiyi regionlar seçilərkən kompleks yanaşma tətbiq olunur. Bu zaman beynəlxalq nəqliyyat dəhlizlərinə çıxış, xammal bazasına yaxınlıq, enerji və mühəndis infrastrukturu, əmək resurslarının mövcudluğu, eləcə də regionun iqtisadi ixtisaslaşma potensialı əsas meyarlar kimi nəzərə alınır. Məqsəd hər bir regionun üstünlüklərindən səmərəli istifadə etməklə davamlı və rəqabətqabiliyyətli sənaye mühitinin formalaşdırılmasıdır.

 

- Rezident üçün tətbiq olunan vergi və gömrük güzəştləri investorların qərarlarına nə dərəcədə təsir edir?

 

- Sənaye zonalarında tətbiq olunan vergi və gömrük güzəştləri investorlar üçün əsas stimullaşdırıcı mexanizmlərdən biridir və onların qərarvermə prosesinə birbaşa təsir göstərir. Mövcud mexanizmlərə əsasən, rezidentlər mənfəət, torpaq və əmlak vergilərindən 10 il müddətinə azad edilir, eyni zamanda, istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğular əlavə dəyər vergisi və gömrük rüsumlarından azaddır. Bu güzəştlər investisiya xərclərini əhəmiyyətli dərəcədə azaldır, layihələrin geridönüş müddətini qısaldır və sənaye zonalarının investisiya cəlbediciliyini artırır. Nəticədə sənaye zonaları regionda investorlar üçün ən əlverişli biznes mühitlərindən birinə çevrilir. Tətbiq olunan təşviq mexanizmlərinin effektivliyi konkret rəqəmlərlə də təsdiqlənir. Belə ki, sənaye parklarında fəaliyyət göstərən rezidentlər yalnız ötən il vergi və gömrük güzəştləri hesabına 42,3 milyon manatdan artıq vəsaitə qənaət ediblər. Ümumilikdə isə indiyədək rezidentlər tərəfindən qənaət olunan vəsaitin həcmi 567 milyon manatdan çoxdur. Bu göstəricilər sənaye zonalarında tətbiq edilən güzəşt mexanizmlərinin investorlar üçün real iqtisadi üstünlüklər yaratdığını və onların investisiya qərarlarında mühüm rol oynadığını açıq şəkildə nümayiş etdirir.

 

- Mövcud sənaye parklarında fəaliyyət göstərən müəssisələrin ixrac potensialı hansı səviyyədədir və əsas ixrac bazarları hansılardır?

 

- Mövcud sənaye parklarında fəaliyyət göstərən müəssisələrin bir hissəsi əsasən ixracyönümlü fəaliyyət göstərir və ölkəmizin ixrac potensialının formalaşmasında strateji rol oynayır. Bu, həm istehsalın həcmini, həm də keyfiyyət səviyyəsini göstərən amildir. 2025-ci ildə sənaye zonalarında ümumilikdə 4 milyard manata yaxın məhsul satışı həyata keçirilib, bunun da 1,2 milyard manatı ixracın payına düşüb. 2024-cü illə müqayisədə istehsal 21,1 faiz, ixrac isə 13,4 faiz artıb. 2026-cı ilin I rübü ərzində sənaye zonalarında ümumilikdə 900 milyon manata yaxın məhsul satışı həyata keçirilib, bunun da 260,6 milyon manatı ixracın payına düşüb. Qeyd edim ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə istehsal 12,2 faiz artıb. Sənaye zonalarımızda istehsal olunan məhsullar bu gün dünyanın 70-dən çox ölkəsinə ixrac olunur. Əsas ixrac istiqamətləri Avropa ölkələri, MDB məkanı, Türkiyə və Yaxın Şərq regionudur. Bu bazarlara metallurgiya və kimya sənayesi məhsulları, tikinti materialları, həmçinin müxtəlif sənaye avadanlıqları və s. ixrac olunur. Müəssisələrdə tətbiq edilən yüksək texnologiyalar və beynəlxalq standartlara uyğun istehsal prosesi xarici tərəfdaşlar tərəfindən yüksək qiymətləndirilir və rəqabət qabiliyyətini artırır. Sənaye parklarında müşahidə olunan bu dinamika göstərir ki, istehsal olunan məhsullar həm keyfiyyət, həm də innovativlik baxımından beynəlxalq tələblərə cavab verir. Bu, eyni zamanda, ölkənin ixrac strukturunun şaxələndirilməsi, qeyri-neft ixracının artırılması və iqtisadiyyatın dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət tərəfindən tətbiq edilən investisiya təşviqləri və güzəştlər də müəssisələrin ixracyönümlü fəaliyyətini stimullaşdırır və yeni bazarlara çıxışı asanlaşdırır. Nəticə etibarilə, sənaye parkları yalnız iqtisadi artımın təşviqi üçün deyil, həm də strateji ixrac hədəflərinin həyata keçirilməsi üçün vacib platforma rolunu oynayır.

 

- Ağdam Sənaye Parkı və “Araz Vadisi İqtisadi Zonası”nda həyata keçirilən layihələr barədə nə deyə bilərsiz? Bu zonalarda rezidentlərin sayı, investisiya həcmi və istehsal göstəriciləri üzrə hazırkı vəziyyəti necə qiymətləndirirsiniz?

 

- İZİA-nın idarəetməsində olan 9 sənaye parkından ikisi azad edilmiş ərazilərdə fəaliyyət göstərir. Bunlar - Ağdam şəhərində yerləşən Ağdam Sənaye Parkı və Cəbrayılda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkıdır. Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən indiyə kimi 171, 7 milyon manat sərmayə yatırılıb. Parkda 31 biznes subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında isə 20 rezident və 3 qeyri-rezident qeydiyyatdan keçib. Parkda 48,3 milyon manatdan çox investisiya yatırılıb və 130-dan artıq iş yeri yaradılıb. Əvvəlki illərlə müqayisədə bu zonalarda böyük irəliləyiş müşahidə olunur. Belə ki, satış göstəriciləri 2024-cü ildə 22,3 milyon manat təşkil edirdisə, 2025-ci ildə bu rəqəm 1 milyard 393 milyon manata çatıb ki, bu da 62 dəfə artım deməkdir. Eyni zamanda, ixrac həcmi 2024-cü ildə 20 min manat olduğu halda, 2025-ci ildə 62,3 milyon manat təşkil edib. Bu rəqəmlər azad edilmiş ərazilərdə sənayeləşmə prosesinin artıq real nəticələr verdiyini və inkişafın yeni mərhələyə qədəm qoyduğunu açıq şəkildə göstərir. Xüsusi olaraq vurğulamaq istərdim ki, Zəngəzur dəhlizinin açılması “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının tranzit və logistika imkanlarını əhəmiyyətli dərəcədə artıracaq, nəticədə yerli və xarici sahibkarların marağı daha da güclənəcək.

 

- İşğaldan azad edilmiş ərazilərdə sənaye parklarının digər regional sənaye zonaları ilə inteqrasiyası və dəyər zənciri üzrə əməkdaşlıq imkanları necə planlaşdırılır? Bu sənaye parklarında investorların cəlbi üçün hansı xüsusi təşviq mexanizmləri tətbiq olunur?

 

- İşğaldan azad edilmiş ərazilərdə sənaye parklarının inkişafı ölkənin ümumi sənaye siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Biz bu parkların digər regional sənaye zonaları ilə inteqrasiyasını vahid dəyər zənciri əsasında qururuq. Məqsədimiz tərəflər arasında koordinasiyalı əməkdaşlığı təmin edərək, məhsuldarlığı və ixrac potensialını artırmaqdır. Azad edilmiş ərazilərə artıq yüz milyonlarla manat investisiya cəlb olunub və bir çox layihələrin icrası davam edir. İnvestorların cəlbi üçün əsas təşviq mexanizmlərinə vergi və gömrük güzəştləri, dövlət tərəfindən təmin edilən hazır infrastruktur daxildir. Bu, sahibkarlara həm xərcləri azaltmaq, həm də investisiyanın geridönüşünü sürətləndirmək imkanı verir.

Bundan əlavə, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün bir sıra əlavə təşviq mexanizmləri tətbiq olunur. Bunlara sosial sığorta haqlarının subsidiyalaşdırılması, mütəxəssislərə əlavə məzuniyyət verilməsi, aylıq maaşlara əlavələr və 600 manat birdəfəlik müavinət daxildir. Həmçinin iş icazələrinin alınması sadələşdirilib və xarici mütəxəssislər üçün əmək miqrasiyası kvotasının 5 il müddətinə tətbiq olunmayacağı nəzərdə tutulub. Eyni zamanda, istehsal prosesində istifadə ediləcək bir sıra xammal və materialların idxalı 10 il müddətinə ƏDV və gömrük rüsumundan azad edilir. Bu təşviqlər işğaldan azad edilmiş ərazilərdə sənaye parklarını həm yerli, həm də xarici investorlar üçün daha cəlbedici edir və bölgədə davamlı sənaye infrastrukturunun formalaşmasına xidmət göstərir. Biz əminik ki, bu yanaşma regionda iqtisadi fəallığın artırılmasına və dəyər zəncirinin effektiv qurulmasına mühüm töhfə verəcək.

 

- Sənaye zonalarına xarici investisiyaların cəlb olunması istiqamətində işlər hansı səviyyədədir? İndiyədək cəlb olunmuş xarici investisiyaların həcmi nə qədərdir? Əsas investor ölkələr hansılardır?

 

- Son illərdə sənaye zonalarına xarici investisiyaların cəlbi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir və bu sahədə müsbət dinamika müşahidə olunur. Yaradılmış əlverişli investisiya mühiti, təqdim olunan güzəştlər və infrastruktur təminatı nəticəsində xarici investorların sənaye zonalarına marağı əhəmiyyətli dərəcədə artıb. İndiyədək müxtəlif ölkələrin şirkətləri tərəfindən sənaye zonalarında həyata keçirilən layihələr üzrə ümumilikdə 520 milyon manat həcmində xarici investisiya cəlb olunub. Bunun 288,3 milyon manatı artıq faktiki olaraq yatırılıb ki, bu da layihələrin real icra mərhələsində olduğunu göstərir. Xarici investisiyaların cəlbində mühüm amillərdən biri də müasir texnologiyaların ölkəyə gətirilməsi və insan kapitalının bu texnologiyalara uyğunlaşdırılmasıdır. Bu, sənaye zonalarının uzunmüddətli inkişafına əlavə dayanıqlılıq qazandırır. Əsas investor ölkələr sırasında Çin, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, İsveçrə, Pakistan, Rusiya, Bolqarıstan və Litva yer alır. Bu coğrafiyanın genişliyi Azərbaycanın sənaye zonalarının beynəlxalq səviyyədə cəlbediciliyinin artdığını nümayiş etdirir. Eyni zamanda, xarici investisiyaların artım dinamikası da diqqətəlayiqdir. Belə ki, illər üzrə götürsək, 2016-cı ildə sənaye zonalarına 10,4 milyon manat xarici investisiya cəlb olunduğu halda, 2025-ci il ərzində bu göstərici 87,9 milyon manata yüksəlib. Bu artım aparılan islahatların və investoryönümlü siyasətin real nəticəsidir. Görülən işlərin davamı olaraq, cari ildə də sənaye zonalarına xarici sərmayələrin cəlbi istiqamətində müsbət nəticələr əldə olunmaqdadır. Ümumilikdə sənaye zonalarına yatırılan investisiyaların dinamikası da müsbət olaraq qalır. Belə ki, 2026-cı ilin birinci rübündə sənaye zonalarına sahibkarlar tərəfindən 158,7 milyon manat investisiya yatırılıb. Halbuki ötən ilin eyni dövründə bu göstərici 30,6 milyon manat təşkil etmişdi. Bu isə sənaye zonalarına investor marağının artdığını və yaradılmış biznes mühitinin effektivliyini bir daha təsdiq edir.

 

- “Yaşıl transformasiya” kontekstində karbon emissiyalarının azaldılması və enerji səmərəliliyinin artırılması üçün sənaye zonalarında hansı iqtisadi stimullar və tənzimləyici mexanizmlər nəzərdə tutulur?

 

- “Yaşıl transformasiya” sənaye zonalarının inkişafında prioritet istiqamətlərdən biri kimi müəyyən olunub və bu sahədə sistemli tədbirlər həyata keçirilir. Əsas məqsəd istehsal proseslərində karbon emissiyalarının azaldılması, enerji səmərəliliyinin artırılması və ekoloji cəhətdən dayanıqlı sənaye mühitinin formalaşdırılmasıdır. Bu çərçivədə sənaye zonalarında fəaliyyət göstərən müəssisələr üçün bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, enerji səmərəli texnologiyaların tətbiqi və resurslardan effektiv istifadə təşviq olunur. Eyni zamanda, yaşıl texnologiyaların tətbiqi və ekoloji standartlara uyğun istehsalın qurulması istiqamətində zəruri institusional və infrastruktur dəstəyi təmin edilir. Qeyd etmək istərdim ki, cari ildə Azərbaycan Dünya İqtisadi Forumunun “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə qoşulub. Bu təşəbbüs eyni bölgədə yerləşən və dəyər zənciri baxımından bir-biri ilə əlaqəli olan sənaye müəssisələrinin karbonsuzlaşma, rəqəmsal transformasiya və dayanıqlı inkişaf məqsədləri istiqamətində koordinasiyalı fəaliyyətini nəzərdə tutan müasir sənaye modelidir. İqtisadi Zonaların İnkişafı Agentliyinin koordinasiyası ilə “SOCAR Polymer” və “SOCAR Karbamid” müəssisələrini birləşdirən Sumqayıt Sənaye Parkında “NextGen” sənaye klasteri yaradılıb. Bu çərçivədə daha ekoloji təmiz və enerji səmərəli texnologiyaların tətbiqi, resurslardan optimal istifadə və istehsal proseslərinin modernləşdirilməsi istiqamətində birgə təşəbbüslər həyata keçirilir.

Bundan başqa, ötən il İZİA ilə Çinin “China Datang Overseas Investment Co.” şirkəti arasında ölkəmizdə “Yaşıl Enerji Sənaye Parkı”nın yaradılması üzrə Anlaşma Memorandumu imzalanıb. Sözügedən Sənaye Parkının yaradılmasının əsas məqsədi bərpaolunan enerji və ekoloji texnologiyaların inkişafına töhfə verməkdən ibarətdir. Qeyd edim ki, 1 aprel 2026-cı il tarixində Pekin şəhərində keçirilmiş 15-ci Beynəlxalq Enerji Saxlanması Konfransı və Sərgisi (ESIE) çərçivəsində “China Datang Overseas Investment Co., Ltd.” şirkəti və Çindəki Ticarət Nümayəndəliyi Aparatının birgə təşkilatçılığı ilə “Azərbaycanın enerji saxlanması sahəsində əməkdaşlıq imkanları” mövzusunda dəyirmi masa təşkil olunub. “Azərbaycan-Çin Yaşıl Enerji Sənaye Parkı” layihəsinin icrası ilə bağlı İqtisadiyyat Nazirliyi və “China Datang Corporation” şirkəti arasında yaradılmış birgə işçi qrupunun fəaliyyəti çərçivəsində təşkil edilmiş bu tədbirin əsas məqsədi sözügedən layihəyə Çin investorlarının cəlb edilməsi olub. Bütün bu yanaşmalar sənaye zonalarında karbon izinin azaldılmasına, istehsalın ekoloji dayanıqlığının gücləndirilməsinə və ölkənin yaşıl iqtisadiyyata keçid hədəflərinə töhfə verməyə xidmət edir.

 

- Naxçıvan Sənaye Parkı və Qərb Sənaye Parkında hazırlıq və infrastruktur işləri hansı mərhələdədir? Bu sənaye parklarında əsas prioritet sahələr barədə məlumat verməyinizi xahiş edirik.

 

- Ölkəmizdə sənayeləşmə siyasətinin daha da dərinləşdirilməsi və regionların iqtisadi potensialının artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində yeni sənaye parklarının yaradılması xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, dövlət başçısı tərəfindən imzalanan müvafiq fərmanlar əsasında Naxçıvan və Qərb sənaye parklarının yaradılması strateji yanaşmanın tərkib hissəsidir. Naxçıvan Sənaye Parkı dövlət başçısının 2024-cü il 5 dekabr tarixli Fərmanı ilə yaradılıb və hazırda layihə-smeta sənədlərinin hazırlanması istiqamətində işlər davam etdirilir. Artıq bütün zəruri texniki şərtlər əldə olunub. Bununla yanaşı, qeyd edim ki, bu yaxınlarda Naxçıvan Muxtar Respublikasında sahibkarlarla keçirilən görüşlərdə parkın təqdim etdiyi imkanlar, tətbiq ediləcək güzəşt mexanizmləri və investisiya perspektivlərini geniş şəkildə təqdim etdik. Naxçıvan Sənaye Parkında kimya və qida sənayesi, tullantıların emalı, qara və əlvan metal emalı, tikinti materiallarının istehsalı, maşınqayırma, alternativ enerji, eləcə də yüngül sənaye - tekstil, geyim, mebel və s. əsas prioritet sahələr kimi müəyyən edilib. Qərb Sənaye Parkı isə dövlət başçısının 2026-cı il 15 yanvar tarixli Fərmanı ilə yaradılıb. Hazırda sənaye parkında layihələndirmə işlərinin aparılması məqsədilə, sənaye parkının tələbatına uyğun olaraq içməli su, texniki su, qaz və elektrik təchizatının təmin edilməsi ilə bağlı aidiyyəti qurumlardan texniki şərtlərin alınması istiqamətində müvafiq müraciətlər edilib. Hər iki sənaye parkının yaradılması regionlarda sənaye fəaliyyətinin genişlənməsinə, qeyri-neft sektorunun inkişafına, yeni istehsal və xidmət sahələrinin formalaşmasına, həmçinin məşğulluğun artırılmasına mühüm töhfə verəcək. Bununla yanaşı, yerli xammal və resurslardan daha səmərəli istifadə imkanları genişlənəcək, kiçik və orta sahibkarlığın inkişafı təşviq olunacaq, regionların ixrac potensialı və investisiya cəlbediciliyi artacaq. Sənaye parklarının fəaliyyəti həmçinin müasir texnologiyaların tətbiqinə, innovativ istehsalın təşviqinə və regionlarda dayanıqlı iqtisadi inkişafın gücləndirilməsinə əlavə stimul yaradacaq.

 

- Sənaye zonalarında ixtisaslı kadrların hazırlanması və sənaye–təhsil əməkdaşlığının gücləndirilməsi istiqamətində hansı işlər görülür? İZİA-nın bu sahədə təhsil müəssisələri və özəl sektorla əməkdaşlıq modeli barədə məlumat verə bilərsinizmi?

 

- Sənaye zonalarının dayanıqlı inkişafında ixtisaslı insan kapitalının formalaşdırılması əsas prioritetlərdən biridir. Bu məqsədlə İZİA tərəfindən ölkənin ali və peşə təhsil müəssisələri, eləcə də özəl sektorla sistemli əməkdaşlıq qurulur və bu istiqamətdə bir sıra memorandumlar imzalanır. Əməkdaşlıq çərçivəsində təhsil proqramlarının sənaye ehtiyaclarına uyğunlaşdırılması və tələbələrin istehsalat müəssisələrində təcrübə keçməsi istiqamətində ardıcıl işlər həyata keçirilir. Məqsəd sənaye zonalarında fəaliyyət göstərən müəssisələrin tələb etdiyi bacarıqlara malik kadrların hazırlanmasını təmin etməkdir. Bununla yanaşı, İZİA-nın tabeliyində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzi də bu prosesdə mühüm rol oynayır. Mərkəzdə müxtəlif sənaye sahələrinə uyğun ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir və tədris prosesində müasir istehsal texnologiyalarından istifadə olunur. Burada təhsil alan gənclər real istehsalat mühiti ilə tanış olur və praktiki bacarıqlar əldə edirlər. Qeyd edim ki, Peşə Təhsil Mərkəzində 14 ixtisas üzrə 500-ə yaxın tələbə təhsil alır. Mərkəz 54 qurum və şirkətlə əməkdaşlıq edir. Peşə Təhsil Mərkəzinin məzunlarının 70 faizi işlə təmin olunub və onların da bir hissəsi sənaye parklarında fəaliyyət göstərən rezidentlərimiz tərəfindən işə götürülüb. Peşə Təhsil Mərkəzi yerli və xarici şirkətlərlə, o cümlədən yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən qabaqcıl müəssisələrlə əməkdaşlığın qurulması istiqamətində təşəbbüslər həyata keçirir. Məsələn, bu yaxınlarda “Bayraktar Teknoloji Azərbaycan” şirkəti ilə, həmçinin Azərbaycan Texniki Universiteti ilə əməkdaşlığa dair memorandumlar imzalanıb. Bu əməkdaşlıqlar çərçivəsində tələbələrin müasir texnologiyalara əsaslanan istehsal prosesləri ilə tanışlığı, təcrübə proqramlarının təşkili və gələcək kadr ehtiyaclarının birgə planlaşdırılması nəzərdə tutulur. Ümumilikdə, bu yanaşma sənaye zonaları ilə təhsil müəssisələri arasında körpü rolunu gücləndirir, əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığına töhfə verir.

 

Müxbir – Samirə Quliyeva