Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan minifutbol turnirinə yekun vurulub
20 iyul,2026 16:48

İqtisadi Zonaların İnkişafı Agentliyinin, Azərbaycan Minifutbol Federasiyasının dəstəyi və “Fire League”in təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan minifutbol turnirində qaliblər müəyyənləşib.

 

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA), Azərbaycan Minifutbol Federasiyasının dəstəyi və “Fire League”in təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan minifutbol turniri başa çatıb.

 

Turnirin keçirilməsində əsas məqsəd Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin yad edilməsi, rezident müəssisələr arasında əməkdaşlığın və kollektivlərarası ünsiyyətin gücləndirilməsi, sağlam həyat tərzinin təşviqi, əməkdaşların asudə vaxtlarının səmərəli təşkili və fiziki aktivliyinin artırılması olub.

 

İZİA-nın idarəçiliyində olan Sumqayıt Sənaye Parkında fəaliyyət göstərən 10 rezident müəssisənin komandalarının iştirak etdiyi turnirə 16 may 2026-cı il tarixində start verilib. İki ay davam edən yarışın final oyunları və mükafatlandırma mərasimi keçirilib.

 

Üçüncü yer uğrunda keçirilən görüşdə “STP” və “Azertexnolayn PBZ” komandaları qarşılaşıb. Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatdığından, qalib penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq oynayan “Azertexnolayn PBZ” komandası turnirin bürünc mükafatçısı olub.

 

Final oyununda isə “Assan STP Panel” və “Azerfloat” komandaları üz-üzə gəlib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada “Azerfloat” komandası 7:5 hesabı ilə qalib gələrək turnirin qalibi adına layiq görülüb.

 

Final oyunundan sonra keçirilən mükafatlandırma mərasimində İZİA İdarə Heyəti sədrinin müavini Aqil Əzizov qalibləri və bütün iştirakçıları təbrik edib. O, bu cür idman yarışlarının kollektivlər arasında həmrəyliyin, əməkdaşlığın və sağlam həyat tərzinin təşviqində mühüm rol oynadığını vurğulayıb.

 

Daha sonra qaliblərə kubok, medal və diplomlar, fərqlənən iştirakçılara isə fərdi mükafatlar təqdim olunub. Turnirin ən yaxşı qapıçısı nominasiyası üzrə Azər Mirzəyev (“Assan STP Panel”), ən yaxşı oyunçu nominasiyası üzrə Nicat Məmmədov (“Azerfloat”), ən məhsuldar oyunçu nominasiyası üzrə isə Kənan Abdurrəhimov (“Azertexnolayn TAZ”) mükafatlandırılıblar.