2023-cü ilin 9 ayında Mingəçevir Sənaye Parkında 54,3 milyon manatlıq məhsul istehsal edilib, bunun da 80%-dən çox hissəsi, yəni 43,5 milyon manatlıq hissəsi ixracın payına düşür.
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Mingəçevir Sənaye Parkında indiyədək 268 milyon manatlıq məhsul istehsal edilib, bunun da 231 milyon manatlıq hissəsi ixrac edilib.
26 hektar ərazini əhatə edən Sənaye Parkının əsas fəaliyyət istiqaməti tekstil və yüngül sənayenin inkişaf etdirilməsidir. Hazırda Parkın 1 rezidenti ("Mingəçevir Tekstil" MMC) var. Fabrikdə Almaniya, İsveçrə, Yaponiya və Türkiyə texnologiyaları əsasında "Ring" və "Open End" üsulu ilə iplik istehsal edilir.
İndiyədək Mingəçevir Sənaye Parkına 159 milyon manat investisiya yatırılıb, 500-dən çox daimi iş yeri yaradılıb.
Sənaye Parkında məhsul istehsalında müsbət dinamika müşahidə edilir. Belə ki, 2022-ci ilin 9 ayında Sənaye Parkında 44,7 manatlıq məhsul istehsal edilmişdirsə, 2023-ci ilin eyni dövründə 54,3 milyon manatlıq məshul istehsal edilib. Həmçinin 2022-ci ilin 9 ayında istehsal edilən məhsulun 99%-i (yəni 44,6 milyon manat), 2023-cü ildə isə 80%-dən çox hissəsi (43,5 milyon manat) ixracın payına düşür. İstehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı “Made In Azerbaijan” brendi adı ilə Türkiyə, Ukrayna, Rusiya, Portuqaliya, Polşa, Pakistan və s. ölkələrə ixrac olunub.