“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına mediatur təşkil edilib
5 oktyabr,2024 15:07

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin təməlqoyma mərasimlərində iştirak ediblər. Bununla əlaqədar oktyabrın 5-də “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına mediatur təşkil edilib.


Bildirilib ki, təməli qoyulan müəssisələr tərəfindən Sənaye Parkının ərazisində tamet daşlarının, dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsalı, həmçinin mebel klasterinin yaradılması layihələri həyata keçiriləcək. Bu sözügedən müəssisələrin 2025-ci ildə fəaliyyətə başlaması planlaşdırılır. 


3 müəssisə tərəfindən Sənaye Parkına ümumilikdə 60 milyon manatdan artıq investisiyanın yatırılması, ilkin mərhələdə 950-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Müəssisələrdə istehsal ediləcək məhsullar ilk növbədə daxili bazarın təlabatının ödənilməsinə yönəldiləcək, növbəti mərhələdə isə xarici bazara satılması planlaşdırılır.


200 hektar ərazini əhatə edən Sənaye Parkı logistik imkanlar baxımından çox əlverişli ərazidə təşkil olunub, bu da sahibkarların diqqətini cəlb edən əsas məqamlardan biridir. Sənaye Parkının hazırda 13 rezidenti və 1 qeyri-rezidenti var. İnvestorlar tərəfindən ümumi olaraq Parka 133,8 milyon manat investisiyanın yatırılması, 2000-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Artıq bugünədək rezidentlər tərəfindən Sənaye Parkında görülmüş işlərə 20 milyon manatdan artıq investisiya yatırılıb, 40-dan çox daimi iş yeri yaradılıb. Sənaye Parkında işəgötürmə prosesində Cəbrayıl və ətraf rayonlardan olan əhaliyə üstünlük verilir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında hazırda 1 müəssisə fəaliyyət göstərir. Müəssisədə kənd təsərrüfatı texnikalarına, yük maşınlarına texniki servis xidməti göstərilir. 


“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti yaradılıb. Belə ki, Parkın rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilirlər. Rezidentlər qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar.


Bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki mövcud sənaye parklarında əlavə güzəştlər də tətbiq edilir. Bunlara xüsusi güzəştli bank kreditləri, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal xidmətlərə 20 faiz endirim, idxal olunan xammal və materiallar üzrə gömrük rüsumları və ƏDV-dən tam azadolma (müəyyən edilmiş siyahısıya əsasən) aiddir.