Ağdam Sənaye Parkının ərazisinin yarıdan çox hissəsi rezidentlərin istifadəsinə verilib
31 may,2024 12:54

Qarabağın bərpası, sənaye potensialının inkişaf etdirilməsi məqsədilə dövlət başçısının 2021-ci il 28 may tarixli Fərmanı ilə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Ağdam Sənaye Parkı yaradılıb. Park 190 hektar ərazini əhatə edir. Artıq Sənaye Parkının 60 faizdən çox hissəsi dolub, həmin ərazilər sahibkarların uzun müddətlik istifadəsinə verilib. Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir, belə ki İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarından Sumqayıt Kimya Sənaye Parkından sonra ən çox rezident sayı Ağdam Sənaye Parkındadır.


Hazırda Ağdam Sənaye Parkında ümumi investisiyalarının həcmi 200,6 milyon manatdan çox olan 23 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 29 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkında ümumilikdə 1900-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Artıq bugünədək rezidentlər tərəfindən Sənaye Parkına 35 milyon manatdan artıq investisiya yatırılıb, 300-dək daimi iş yeri yaradılıb.


Ağdam Sənaye Parkında hazırda bir çox rezidentlər tərəfindən tikinti-quraşdırma işləri tam başa çatdırılıb, yaxın vaxtlarda onların istehsal fəaliyyətlərinə başlamaları nəzərdə tutulur. Bəzi rezidentlər tərəfindən isə tikinti-quraşdırma işləri davam etdirilir. Bunların da bəzilərində işlərin bu il ərzində yekunlaşması planlaşdırılır.


“BAFCO İnvest” MMC 2023-cü ilin mart ayında Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Sənaye Parkının 2,5 hektar ərazisində yerləşən müəssisə Almaniyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə müxtəlif təyinatlı çəkmə, tikinti və digər sahələrdə istifadə üçün nəzərdə tutulan, dəmir ucluqlu və altlıqlı təhlükəsizlik ayaqqabılarının istehsalı üzrə ixtisaslaşıb. İnvestisiya dəyəri 10 milyon manatdan çox olan müəssisədə 120 iş yeri yaradılacaq. “BAFCO İnvest” MMC sənaye parklarında tətbiq edilmiş idxal ƏDV və gömrük güzəştləri nəticəsində bu günə qədər 1 milyon manatdan çox vəsaitə qənaət edib.


“Mister Decor” MMC-yə 2022-ci ilin oktyabrında Ağdam Sənaye Parkının rezidenti statusu verilib. İnvestisiya həcmi 7 milyon manat olan fabrik Cənubi Qafqazda divar kağızlarının istehsalı üzrə ixtisaslaşmış ilk müəssisədir. İllik gücü 2,1 milyon ədəd rulon divar kağızının istehsalı olan müəssisədə 76 nəfərin işlə təmin edilməsi nəzərdə tutulur. Almaniya və Çin texnologiyasından istifadə edilən müəssisədə istehsal edilən məhsulların daxili bazara satılması ilə yanaşı, xarici ölkələrə ixracı da planlaşdırılır. “Mister Decor” MMC sənaye parklarında tətbiq edilmiş idxal ƏDV və gömrük güzəştləri nəticəsində bu günə qədər 400 min manatdan çox vəsaitə qənaət edib.


“Metkons” MMC 2022-ci ilin aprelində Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyatdan keçib. Sənaye Parkının 1 hektar ərazisində inşa edilmiş müəssisədə havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların istehsalı nəzərdə tutulub. Türkiyə, İtaliya, Rusiya və Çin texnologiyalarının tətbiq olunduğu müəssisənin ümumi investisiya dəyəri 1,9 milyon manatdır və 45 nəfər daimi işlə təmin ediləcək. Zavodda istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək. “Metkons” MMC sənaye parklarında tətbiq edilmiş idxal ƏDV və gömrük güzəştləri nəticəsində bu günə qədər 100 min manatdan çox vəsaitə qənaət edib.


Ağdam Sənaye Parkının digər rezidenti “Veliev” MMC tərəfindən Parkın ərazisində Betonist markası adı altında “Prefabrik dəmir-beton məmulatları istehsalı” layihəsi həyata keçirilir. Layihə çərçivəsində körpülərin, sənaye və yaşayış binalarının tikintisi üçün gərginləşdirilmiş dəmir beton tirlərin, kirişlərin, fermaların, döşəmə panellərinin, üfüqi su novlarının, dəmir beton dirəklərin, müxtəlif növ hasarların, yaşayış binalarının tikintisi üçün izolyasiyalı panellərin və s. istehsal edilir. Dəyəri 2,5 milyon manat təşkil edən layihə çərçivəsində il ərzində 200 min kvardat metr dəmir beton məmulatlarının istehsalı planlaşdırılır. Müəssisədə birinci mərhələdə 40 nəfər işlə təmin edilib, sonrakı mərhələdə iş yerinin 80 nəfərə çatdırılması planlaşdırılır. Türkiyə və yerli texnologiyalardan istifadə edilən müəssisədə istehsal olunan məhsullar işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərində istifadə edilir. 


“Eel Electric” MMC 2022-ci ildə Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb, şirkət Sənaye Parkının ərazisində elektrik paylayıcı avadanlıqların və elektrik yuvalarının istehsalı ilə məşğul olacaq. Belə ki, müəssisədə 35-10 kV paylayıcı qurğular, 0.4 kV paylayıcı panellər, kondensator qurğuları, müxtəlif növ transformator məntəqələrin istehsalı həyata keçiriləcək. Müəssisədə hazırda tikinti işləri yekunlaşmaq üzrədir, təxminən indiyədək görülmüş işlərə 1,5 milyon manat investisiya yatırılıb və işlərin 75%-i yekunlaşıb. Türkiyə və Avropanın qabaqcıl ölkələrindən avadanlıqlar gətirilib, yaxın vaxtlarda onların quraşdırılmasına başlanılacaq. Sənaye Parkının 1,7 hektar ərazisində inşa edilən müəssisədə 70 nəfər daimi işlə təmin ediləcək. İstehsal olunan məhsulların əsasən Qarabağda aparılan tikinti quraşdırma işlərində geniş istifadə olunması planlaşdırılır.


“Prof-Dam” MMC-yə 2022-ci ilin aprelində Ağdam Sənaye Parkının rezidenti statusu verilib. Şirkət Sənaye Parkının 2 hektar ərazisində müxtəlif növ dam örtüklərinin istehsalı ilə məşğul olacaq. Müəssisədə hazırda tikinti işləri yekunlaşmaq üzrədir, təxminən indiyədək görülmüş işlərə 4 milyon manat investisiya yatırılıb və işlərin 85%-i yekunlaşıb. İtaliya, Finlandiya, Rusiya, Türkiyə, Çin kimi qabaqcıl ölkələrdən texnologiyalar gətirilib və quraşdırılmasına başlanılıb. Müəssisənin illik istehsal gücü 20 min ton metal dam örtüyüdür ki, bu da təqribən il ərzində 5 milyon kvadrat metr dam örtüyü deməkdir. İlkin mərhələdə müəssisədə 25 nəfərin işlə təmin edilməsi nəzərdə tutulur, sonrakı mərhələdə isə iş yerinin 40 nəfərə çatdırılması planlaşdırılır. İstehsal olunan məhsullar əsasən daxili bazarın təlabatının ödənilməsinə yönəldiləcək.


“Rail Trans Service” MMC-yə 2022-ci ildə Ağdam Sənaye Parkının rezidenti statusu verilib. Şirkət tərəfindən Sənaye Parkının 1 hektar ərazisində “Avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı” layihəsini həyata keçirəcək. Layihə çərçivəsində müxtəlif növ dəmir yolu avadanlıqları istehsal ediləcək. . Müəssisədə hazırda tikinti işləri yekunlaşmaq üzrədir, təxminən indiyədək görülmüş işlərə 3,5 milyon manat investisiya yatırılıb və işlərin 80%-i yekunlaşıb. Belə ki, bu il Azərbaycanda ilk dəfə olaraq dəmir yolunun tikintisi zamanı (Bakı-Xankəndi dəmir yolu xətti) Ağdam Sənaye Parkının rezidenti “Rail Trans Service” MMC tərəfindən istehsal edilən məhsullardan istifadə ediləcək.


Bundan başqa Ağdam Sənaye Parkında “Tabaterra” MMC-nin tütün məmulatlarının, “Agah Group” MMC-nin metal profil və anbar stellajlarının istehsalı və digər müəssisələrin tikinti-quraşdırma işləri görülür. Bu müəssisələrin bir qisminin bu il fəaliyyətə başlaması planlaşdırılır.