Ötən il ərzində Yevlax Pilot Aqroparkın ərazisində salınmış meyvə bağlarından bu il ilk dəfə olaraq məhsul yığımına başlanılıb. Bununla əlaqədar olaraq İqtisadi Zonaların İnkişafı Agentliyinin təşkilatçılığı ilə Yevlax Pilot Aqroparka mediatur təşkil edilib.
Bildirilib ki, Yevlax Aqroparkın rezidenti “Agrotop” MMC tərəfindən aqroparkın 40 hektarlıq ərazisində meyvə bağları salınıb. Meyvə bağlarının 11 hektarında ərik, 15,5 hektarında nektarin, 13,5 hektarında şaftalı ağacları əkilib. Bu il ilk dəfə olaraq meyvə bağlarının bir illik olmasına baxmayaraq şaftalı və ərik kimi meyvələrin yığımı həyata keçirilib. Hazırda “Agrotop” MMC-nin Yevlax təsərrüfatında 11 nəfər daimi, 300 nəfər mövsümü işlə təmin edilib. Şirkət tərəfindən indiyədək aqroparkda görülmüş işlərə altı yüz min manat investisiya yatırılıb.
Bundan başqa Yevlax Pilot Aqroparkın ilk rezidenti kimi qeydiyyata alınmış “İSFA” MMC-nin meyvə bağlarında da məhsul yığımına start verilib. Bu il artıq ikinci mövsümdür ki, şirkətin Yevlax təsərrüfatında ərik, nektarin, şaftalı, alça, gilas yığımı həyata keçirilir. “İSFA” MMC-nin təsərrüfatı aqroparkın ərazisində ümumilikdə 60 hektar ərazini əhatə edir. 60 hektarın 50 hektarında meyvə bağları, 10 hektarını isə tingçilik təsərrüfatı salınıb. Meyvə bağlarında şaftalı, nektarin, ərik, gilas, alça, gavalı kimi meyvələrin erkən yetişən çeşidləri becərilir. Tingçilik təsərrüfatında isə 15 növdə meyvənin 150 çeşidi yetişdirilir. Təsərrüfatda müasir suvarma üsulundan (damlama) istifadə edilir. “İSFA” MMC-nin aqroparkda yerləşən təsərrüfatında 14 nəfər daimi, 45 nəfər isə mövsümi işlə təmin olunub. Şirkət tərəfindən indiyədək aqroparkda görülmüş işlərə 1,5 milyon manat investisiya yatırılıb.
Ümumilikdə Yevlax Pilot Aqroparka 100 milyon manatdan çox özəl sərmayə qoyulması, 500 daimi və 1000-dən artıq işçinin isə mövsümü işlərə cəlb edilməsi nəzərdə tutulur. Aqroparkda indiyədək ümumi ərazisi 1900 ha təşkil edən 33 sahibkarlıq subyektinə rezident statusu verilib. Rezidentlər tərəfindən aqroparka ümumilikdə 51 milyon manatdan artıq investisiyanın yatırılması, 300-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Aqropark tam gücü ilə fəaliyyətə başladıqdan sonra istehsal olunacaq meyvəçilik məhsullarının böyük hissəsinin ixrac edilməsi nəzərdə tutulur.