Alman–Azərbaycan Xarici Ticarət Palatasının nümayəndələri Ağdam Sənaye Parkında olublar
5 may,2026 17:28

Alman–Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) nümayəndələri Ağdam Sənaye Parkının fəaliyyəti ilə tanış olublar. 

 

AHK Azərbaycanın icraçı direktoru Narqis Viek başçılıq etdiyi nümayəndə heyəti İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkına səfər edib. 

 

Qonaqlara məlumat verilib ki, Ağdam Sənaye Parkı işğaldan azad edilmiş ərazilərimizin biznes potensialının reallaşdırılması, qeyri-neft sektorunun inkişafı, məşğulluq səviyyəsinin yüksəldilməsi və rəqabətqabiliyyətli məhsul istehsalının artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Digər sənaye parklarında olduğu kimi Ağdam Sənaye Parkında da sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlət tərəfindən əlverişli şərait yaradılıb. Qarabağla digər bölgələrin qovşağında yerləşən Ağdam Sənaye Parkı rezident sayına görə digər sənaye parkları arasında Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci sənaye zonasıdır.

 

İndiyədək Ağdam Sənaye Parkında 31 sahibkarlıq subyektinə rezident, 5 sahibkara isə qeyri-rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye parkına ümumilikdə 171,7 milyon manat investisiya yatırılıb, 1000-dən çox daimi iş yeri yaradılıb. İşə qəbul zamanı Ağdam və ətraf rayonlardan olan əhaliyə üstünlük verilir.

 

Bildirilib ki, hazırda sənaye parkında 13 müəssisə fəaliyyət göstərir. Burada istehsal edilən məhsulların ümumi satış həcmi 1,86 milyard manata çatıb ki, bunun da 82,3 milyon manatlıq hissəsi ixracın payına düşür.

 

AHK Azərbaycanın nümayəndələri Ağdam Sənaye Parkının rezidentləri olan “Tabaterra” MMC, “BAFCO Invest” MMC, “Mister Decor” MMC və “Rail Trans Service” MMC-nin istehsal sahələrində olub, müəssisələrin fəaliyyəti və istehsal prosesi ilə tanış olublar.