Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann və alman iş adamlarından ibarət nümayəndə heyəti sentyabrın 25-də Sumqayıt Kimya Sənaye Parkında olublar.
"Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin direktoru Nazim Talıbov ölkəmizdə reallaşdırılan sənayeləşmə siyasətinə uyğun olaraq, innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənayenin inkişafına yeni təkan vermək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi ilə yaradılan sənaye parkları, burada sahibkarlar üçün yaradılan əlverişli şərait, müasir infrastruktur, rezidentlər üçün tətbiq edilən güzəşt mexanizmləri və xidmətlər barədə məlumat verib. Bildirilib ki, sənaye parklarının yeraltı və yerüstü infrastrukturu, o cümlədən yeraltı qalereyalar, ərazidaxili kommunikasiya xətləri, sosial obyektlər, daxili avtomobil və daxili dəmir yol xətlərinin tikintisi dövlət büdcəsi hesabına maliyyələşdirilir. Sahibkarların vəsaitlərini investisiya qoyuluşuna yönəltmələri təmin edilir.
Bundan başqa Sumqayıt Kimya, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parklarının rezidentləri və onların istehsal etdikləri məhsullar barədə məlumatlar iş adamlarının diqqətinə çatdırılıb. Sənaye parklarının təqdimatı keçirilib.
Görüşdə iştirak edən Almaniyanda sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən alman şirkətlərinin nümayəndələri təmsil etdikləri müəssisələrin fəaliyyəti və əməkdaşlıq imkanları barədə məlumat veriblər.
Sonda sənaye parklarına sərmayə yatırılmasının prespektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və ünvanlanan suallar cavablandırılıb.
Daha sonra iş adamları Sumqayıt Kimya Sənaye Parkının ərazisində görülmüş işlər və sənaye parkının rezidentləri olan "SOCAR Polymer" MMC-nin Polipropilen (PP) və Yüksək sıxlıqlı polietilen (YSPE) və "STP" MMC-nin Kabel və Qaynar sinkləmə zavodlarında gedən istehsal prosesi ilə tanış olublar.