Alman şirkətlərinin sənaye zonalarına investisiya yatırması imkanları müzakirə edilib
1 noyabr,2022 10:37

Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horleman və Səfirliyin əməkdaşları ilə Sumqayıt Kimya Sənaye Parkında görüş keçirilib.

 

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev ölkədə fəaliyyət göstərən sənaye zonaları və aqroparklar, burada sahibkarlar üçün yaradılmış investisiya mühiti, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verib, sənaye zonalarının təqdimatı keçirilib.

 

Səfirlik əməkdaşları həmçinin, İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzi barədə məlumatlandırılıb. Bildirilib ki, Mərkəzin tədris prosesində Almaniya təcrübəsindən istifadə edilir. Hazırda Mərkəzdə “İnformasiya kommunikasiya texnologiyaları üzrə texnik” ixtisasında dərslər Almaniya kurikulum təhsil sistemi əsasında tədris olunur.

 

Azərbaycanın logistik imkanlar baxımından əlverişli ərazidə yerləşdiyini vurğulayan Səfir Ralf Horlemann ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb, əməkdaşlığın inkişafı perspektivləri barədə fikirlərini bölüşüb.

 

Görüşdə alman şirkətlərinin sənaye zonalarına investisiya yatırması, sənaye zonalarında fəaliyyət göstərən istehsal müəssisələrində alman texnologiyasının tətbiqinin genişləndirilməsi, İZİA-nın nəzdində Peşə Təhsil Mərkəzinin tədris prosesində Almaniya təcrübəsindən daha da geniş istifadə edilməsi imkanlarına dair müzakirələr aparılıb.

 

Sonra səfirlik əməkdaşları Peşə Təhsil Mərkəzinin fəaliyyəti, Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azerfloat” QSC-nin Vərəqə şüşə istehsalı müəssisəsində istehsal prosesi ilə tanış olublar. Diqqətə çatdırılıb ki, zavodda 135 illik təcrübəyə malik “HORN Glass Industries AG” Almaniya şirkətinin texnologiyasından istifadə edilir.