Almaniyanın Azərbaycandakı səfiri Sumqayıt Kimya Sənaye Parkında olub
19 fevral,2020 15:18

Fevralın 19-da Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq və Səfirliyin bir qrup əməkdaşı Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ilə tanış olub.

 

Səfirlik əməkdaşlarına sənaye parklarının fəaliyyətini əks etdirən video-təqdimat nümayiş olunub, ölkəmizdə həyata keçirilən uğurlu sənayeləşmə siyasəti, yaradılan sənaye parkları, burada sahibkarlar üçün yaradılmış əlverişli imkanlar, tətbiq edilən güzəştlər barədə məlumat verilib.

 

Almaniya Səfirliyinin nümayəndə heyəti həmçinin, Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azerfloat” QSC-nin Şüşə İstehsalı Zavodunun tikinti işləri ilə də tanış olub. Zavodda 125 illik təcrübəyə malik “HORN Glass Industries AG” alman şirkətinin texnologiyasından istifadə olunacaq.

 

Nümayəndə heyətinə Sumqayıt Kimya Sənaye Parkının ərazisində fəaliyyət göstərəcək Peşə Tədris Mərkəzi barədə də məlumat verilib, Tədris Mərkəzində Almaniya təcrübəsinin tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.