İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan aqroparklarda müasir suvarma sisteminin tətbiq edilməsi suya 2 dəfəyədək qənaət olunmasına və yüksək məhsuldarlığın əldə edilməsinə müsbət təsir göstərir.
İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan aqroparklarda pivot suvarma sistemlərinin tətbiqi ilə suvarılan sahələr son 3 il ərzində 5.5 min hektar və ya 13.5% artaraq 46.2 min hektara çatıb. Bu da ölkədə pivot suvarma sistemləri ilə suvarılan ümumi 57.4 min hektar sahənin 80%-ni təşkil edir.
Müasir suvarma sistemləri ənənəvi suvarma metodu ilə müqayisədə suvarma suyuna 2 dəfəyədək qənaət etməklə məhsuldarlığın 50%-dən çox artmasına müsbət təsir göstərir.
2022-ci ildə aqroparklarda suvarılan 84 min hektar ərazinin 46.2 min hektarı pivot, 8.4 min hektarı damlama və 2.4 min hektarı sprinkler olmaqla ümumilikdə 57 min hektarı və ya 68%-i müasir suvarma sistemləri vasitəsi ilə suvarılıb. Hazırda ənənəvi suvarılan ərazilərdə müasir suvarma sistemlərinin qurulması ilə bağlı layihələndirmə işləri aparılır. Aqroparklarda səmərəliliyin artırılması və aparılan məqsədyönlü tədbirlərin nəticəsi olaraq növbəti 5 il ərzində pivotaltı sahənin 100 min hektara çatdırılması nəzərdə tutulur.